Babək rayon ümumtəhsil müəssisələrində “Mütaliə aylığı” ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Babək şəhər 1 nömrəli tam orta məktəbdə Y.Balasaqunlunun “Qutatqu bilik” kitabının müzakirəsi keçirilmişdir. Müzakirə zamanı ədibin kitabda ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, Allah və bəndə qarşısında başlıca vəzifələrinin nədən ibarət olduğu fikirləri təhlil olunmuşdur.
Babək rayon Zeynəddin kənd tam orta məktəbində isə “Kitabi-Dədə Qorqud dastanı”nın müzakirəsi keçirilmişdir. Məktəbin ədəbiyyat müəllimi Zeynalova Zərnişan tərəfində şagirdlərə dastan haqqında ətraflı məlumat verildikdən sonra, şagirdlər dastanın ayrı-ayrı boylarını təhlil etmiş, bədi xüsusiyyətləri müzakirə olunmuşdur. Tədbirin sonunda “Dədə Qorqud” filmi nümayiş etdirilmişdir.
Eyni zamanda Babək rayon Payız kənd tam orta məktəbində M.T.Sidqinin “Məktəb hekayələri” kitabı müzakirə olunmuşdur. Tədbirdə kitabın əxlaqı dəyərlərin mühavizəçisi və təbliğçisi, məktəblilərin elmə, biliyə, mədəniyyət və əxlaqa yiyələnməsi üçün dövrünün ən mükəmməl nümunələrindən biri olduğu qeyd edilmişdir.
Vayxır kənd tam orta məktəbində isə C.Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilmişdir. Müzakirədə məktəbin ədəbiyyat müəllimi Əfsus Quliyeva öz çıxışında C.Məmmədquluzadə yaradıcılığı və ədibin formalaşmasında Naxçıvan ədəbi və ictimai mühitinin təsiri haqqında geniş məlumat verilmişdir. “Hekayələr” kitabındakı hadisələr və surətlər təhlil olunmuş, ədibin ustalıqla dövrün eybəcərliklərini gülüş hədəfinə çevirməsi müzakirə olunmuşdur.