Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Mütaliə aylığı” çərçivəsində 22 aprel 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri iştirak edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, bu il “Mütaliə aylığı” çərçivəsində təşkil edilən tədbirlərin sırasında Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin təhlili və şagirdlər tərəfindən poemalarının səhnələşdirilməsi çoxluq təşkil edir. Bu həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qüdrətli söz və fikir ustadı, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami Gəncəvinin anadan olmasının 880 illik yubleyi münasibətilə 2021-ci ili “Nizami ili” elan etməsi ilə əlaqədardır. Bu münasibətlə Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində Nizami Gəncəvi ədəbi irsinin dərindən öyrənilməsinə və şagirdlər arasında təbliğinə geniş yer verilir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu isə bildirib ki, qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaradıb. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib.
Sonra şagirdlər Nizami Gəncəvinin mütaliə etdikləri əsərlərini bədii qiraət ediblər.
Müsabiqənin şərtlərinə uyğun olaraq təqdimatlar Münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Beləliklə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Məmmədli Uğur Zaur oğlu “Yetirdi” qəzəli ilə I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Allahverdiyeva Ayla Elçin qızı “Sənsiz” qəzəli ilə II yerə, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin IX sinif şagirdi Fərzəliyev Nail Natiq oğlu “Sirlər xəzinəsi” poemasından qəzəl ilə III yerə, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Babayeva İnci Nicat qızı isə “Sənsiz” qəzəli ilə həvəsləndirici yerə layiq görülüb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi