“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində silsilə tədbirlər davam edir.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə şagirdlərin formalaşması, mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsi, məntiqi təfəkkürünün artırılması məqsədilə IV-VI sinif şagirdləri arasında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda fənlər üzrə suallar səsləndirlib, qalib komandalar diplomlarla mükafatlandırılıblar. Həmçinin məktəbdə VII-VIII sinif şagirdləri arasında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib, poemadan olan hissələr şagirdlər tərəfindən qiraət edilib.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Nağıyeva tərəfindən məktəbin VIa sinif şagirdləri arasında “Oxunması zəruri olan kitabların siyahısı”nda yer alan “Təmsillər” (uşaq ədəbiyyatı) kitabının müzakirəsi, IXb sinif şagirdləri arasında isə Azərbaycan dili və ədəbiyyat müəllimi Gültəkin Ağayeva tərəfindən Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi aparılmışdır.
9 nömrəli tam orta məktəbdə “Mütaliə aylığı” ilə bağlı “Oxunması zəruri olan kitablar” siyahısında yer alan Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilib. Tədbirdə məktəb direktoru Nazim Rəhimov “Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında rolu”, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərov “Molla Nəsrəddin ədəbi məktəbinin sənəd prinsipləri”, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Abdullayeva “Cəlil Məmmədquluzadə yaradıcılığında hekayələr”, X sinif şagirdi Kənan Cəfərov “Molla Nəsrəddin” jurnalının müəllifləri”, X sinif şagirdi Səmayə Rəsulova “Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında çap olunan hekayələri və VIII sinif şagirdi Fatimə Cəfərli “Molla Nəsrəddin ədəbi məktəbi” mövzularında çıxış ediblər.
8 nömrəli tam orta məktəbdə də silsilə tədbirlər davam etdirilib. “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səmayə İbrahimova və VIIç sinif şagirdləri tərəfindən təşkil olunmuş müzakirədə poemadan hissələr şagirdlər tərəfindən qiraət edilib, ədəbiyyat müəllimlərinin müzakirə ilə bağlı fikirləri səsləndirilib. Həmçinin məktəbdə Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilib. Müzakirə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Vəliyeva və Xa sinif şagirdləri tərəfindən təşkil olunub. Müzakirədə Naxçıvanın tarixi abidələri və tanınmış şəxsiyyətlərinin əks olunduğu slayda baxış olub, ədibin hekayələri geniş şəkildə müzakirə olunub, şagirdlərin ifasında Cəlil Məmmədquluzadənin əsərlərindən hissələr canlandırılıb. Məktəbdə keçirilən digər tədbir “Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılmasında müəllim və valideynlərin rolu” mövzusunda olub. Tədbirdə məktəbin II-V sinif şagirdləri, valideynlər və müəllimlər iştirak edib, hər bir şagird oxuduğu kitab haqqında təqdimat edərək onu digər yoldaşlarına oxumaq üçün tövsiyə edib. Daha sonra valideynlər çıxış edərək mövzu ilə bağlı fikirlər səsləyiblər. Süleyman Rüstəmin “Ana və paçtalyon” əsəri III sinif şagirdləri tərəfindən canlandırılıb, sonda şagirdlərə tədbirdə fəal iştirak etdikləri üçün diplomlar və kitablar hədiyyə olunub. Məktəbdə eyni zamanda Nizaminin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib. Müzakirə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Gülnar Səfərova və Ramiyə Rəhimova tərəfindən təşkil olunub. Müzakirədə VIII-IX sinif şagirdləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib, şagirdlər tərəfindən “Sirlər xəzinəsi”nə daxil olan hekayələr haqqında məlumat verilib, bəzi hekayələr şagirdlər tərəfindən səhnələşdirilib.
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə C.Məmmədquluzadənin yaradıcılığı və “Poçt qutusu” hekayəsinin səhnələşdirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində ədibin həyat və yaradıcılığı ilə bağlı Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Allahverdiyeva geniş məlumat verib, VIIId sinif şagirdləri Aytəkin Hüseynova, Gülsəhər Babayeva, Aytac Alışarlı C.Məmmədquluzadənin hekayələri haqqında məlumat verib. Tədbirin sonunda şagirdlər tərəfindən “Poçt qutusu ” hekayəsi səhnələşdirilib.
Şəhər 15 nömrəli tam orta məktəbdə isə VIII sinif şagirdləri, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə məktəb kitabxanasında N.Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi keçirilib. Kitabxana müdiri Gülxəndan Məmmədova tədbir iştirakçılarına əsər haqqında qısa məlumat verib. Şagirdlər əsərdə olan hissələri nəql ediblər.
12 nömrəli tam orta məktəbin kitabxana müdiri və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin kabinə müdiri və dərnək rəhbərləri ilə birlikdə “Oxunması zəruri olan kitabların siyahısı”nda olan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının VIb sinif şagirdləri arasında müzakirəsi keçirilib. Tədbirdə kitabda yer alan məqalələr haqqında geniş məlumat verilib, şagirdlər tərəfindən məqalələrdən qısa hissələr oxunub. Həmçinin məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Sara Abbasova və IVd sinfinin rəhbəri Pərvanə Mahmudovanın birgə təşkil etdiyi “Kitabları sevək, mən oxudum səndə oxu” adlı daha bir tədbir keçirilib. Tədbirdə hər bir şagird oxuduğu kitab haqqında təqdimat edərək onu digər yoldaşlarına oxumaq üçün tövsiyə edib, kitabları bir-birinə hədiyyə ediblər.
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib. Müzakirədə məktəb direktoru Canpolad Rüstəmov, Azərbaycan dili və ədəbiyyat müəllimi Seymur Xudanov şairin həyat və yaradıcılığı haqqında məlumat verib, şagirdlər poemadan hissələr qiraət ediblər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi