• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1352
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10615
mod_vvisit_counterBu ay42947
mod_vvisit_counterÜmumi2510212

Tarix: 26 Apr., 2024

Naxçıvanda pandemiya dövründə təhsil

COVID-19 pandemiyasının dünyadakı dağıdıcı təsirini göz önünə  gətirdikdə, belə bir böhran dövründə uşaq və  gənclərin təhsil  ehtiyaclarını ödəməyin çox vacib  məsələ  olduğu  ön plana çıxdı. 2019-cu ilin  sonundan  etibarən yayılmağa başlayan bu virus bütün dünyanı öz cənginə aldı, bir çox sahə ilə  yanaşı, elm  sahəsinə də təsir edərək onu iflic vəziyyətinə saldı. Hər bir ölkə bu çətin vəziyyətdən çıxış yolları axtarmağa başladı. İqtisadiyyatı zəif olan, ərzaq təhlükəsizliyinin təmin olunmasında problemlər yaşayan, təhsil, səhiyyə sistemləri inkişaf etməyən ölkələr pandemiya  dövründə  çətinliklərlə  üzləşdi, hətta bir sıra  ölkələrdə səhiyyə, təhsil  sistemləri çökdü.  Azərbaycanda isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə pandemiyanın ilk günlərindən həyata keçirilən qabaqlayıcı, operativ, çevik addımlar xalqımızı böyük bəladan qurtara bildi. Ölkə başçısı deyib: “Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi  uşaqları,  yeniyetmələri  xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik”. Bütün bunlar bir daha təsdiq etdi ki, dövlət siyasətinin mərkəzində insan amili - Azərbaycan xalqı dayanır.

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, rabitə, səhiyyə, idman və digər sahələrdə aparılan məqsədyönlü, irəliyə doğru atılmış addımlar bu çətin vəziyyətdən az itki ilə çıxmağa şərait yaratdı. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 24 mart tarixli Fərmanına əsasən muxtar respublikada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə  Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Səhiyyə müəssisələri müasir tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiya məhlulları ilə təmin olundu. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi də gücləndirilib, bununla bağlı müvafiq sərəncamlar imzalanıbdır. Məktəblər, ictimai nəqliyyatlar, küçələr, yollar mütəmadi dezinfeksiya edildi. Bu işlər indi də davam etdirilir. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsində muxtar respublikada pandemiya epidemiyaya çevrilmədi. Koronavirusinfo.az saytında qeyd olunan ən son məlumatlara əsasən yenə də ölkə üzrə ən az yoluxma 0,04 faizlə Naxçıvandadır.

Bəzi inkişaf etmiş ölkələrdə pandemiya nəticəsində təhsil “sinifdə qaldı”

Həyatımıza nüfuz edən pandemiyanın qarşısını almaq məqsədilə bir çox ölkələrdə ali təhsil müəssisələri, məktəblər bağlandı, məsəfədən təhsil ön plana çıxdı. Lakin milyonlarla tələbə-şagird distant təhsil texnologiyaları və internetdən istifadə edə bilmədikləri üçün təhsildə geri qaldılar. Dünya miqyasında COVİD-19-a qarşı aparılan tədbirlər nəticəsində milyardlarla tələbə-şagird təhsilini yarımçıq qoydu. Pandemiya universitet tələbələri üçün əsas problemlər yaratdı. Xüsusən də xarici tələbələr. Bir çox universitet tələbəsi sərhədlərin bağlanması, viza prosedurlarının dayandırılması və bu kimi tədbirlər və məhdudiyyətlər səbəbindən təhsillərini davam etdirə bilmədi. Lakin bütün bunlara baxmayaraq, Naxçıvanda təhsil alan xarici tələbələr də diqqətdən yayınmadı. Ötən dövrdə Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikada təhsil alan və pandemiya nəticəsində ölkələrinə gedə bilməyən tələbələrə ərzaq və Ramazan bayramı ilə əlaqədar iftar payları, həmçinin maddi yardımlar verildi.

Muxtar respublikamızda bu dövrdə sağlamlığımızı qorumaqla bərəbər, şagird və tələbələrin təhsildə geri qalmamaları üçün də bir sıra addımlar atıldı, universitetlər, məktəblər və digər təhsilverən qurumlar onlayn şəkildə fəaliyyətə başladılar. Düzdür, üzbəüz təhsildən birbaşa məsafəli təhsilə keçmək və buna uyğunlaşmaq çətindir. Niyə çətindir? Birinci növbədə ona görə ki, müəllim-tələbə auditoriyası üzbəüz təhsilə öyrəşib, ikinci, rabitə və internet xidmətləri düzgün təşkil olunmalı idi. Ancaq bunun da öhdəsindən gəldik. Çünki muxtar respublikanın paytaxtında və ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri qurulubdur. Bu da distant təhsilə keçməyi daha da asanlaşdırdı. Mövzuların şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün Təhsil Nazirliyinin rəsmi internet portalında siniflər üzrə ayrı-ayrı fənlərdən videodərslər və elektron dərs resursları yerləşdirilib, vizuallaşdırılmış dərslər bölməsi yaradılıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nazirliyin nəzdində təsis edilmiş “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada bütün ümumtəhsil məktəblərində olan elektron texniki avadanlıqlara servis xidməti göstərir. Dünyada yayılmış pandemiya ilə əlaqədar olaraq ölkəmizdə, eləcə də muxtar respublikada təhsil müvəqqəti dayandırıldığı dövrdə mərkəz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, bu müddətdə şəhər və rayon təhsil şöbələrinin əhatə etdiyi tədris müəssisələrinin hər birində profilaktik tədbirlər görülüb, məktəblərdə olan informasiya və kommunikasiya texnologiyaları, kompüter, elektron lövhə və digər avadanlıqlarla bağlı sazlama işləri aparılıb, yaranan qüsurlar yerindəcə aradan qaldırılıbdır. Bu da onlayn tədrisin keyfiyyətinə təsir edibdir. Muxtar respublikada pandemiyanın təhsilə mənfi təsirini minimuma endirmək üçün bir sıra əlavə tədbirlər də həyata keçirilibdir. Çünki bu dövrdə uşaqlar təkcə təhsildən deyil, həm də sosiallaşma, idman və mədəni fəaliyyətlər kimi şəxsiyyət inkişafına təsir edən bir çox tədbirlərdən də məhrum oldular. Bu dövrdə, xüsusilə uşaqların rifahını və zehni sağlamlığını qorumaq üçün ailələrə və müəllimlərə dəstəyi artırmaq məqsədilə ümumtəhsil müəssisələrində idman klublarının yaradılması isə uşaqların idmandan yayınmalarının qarşısını aldı. Naxçıvan şəhəri və rayonlar daxil olmaqla, ümumilikdə, 118 məktəbdə 12 idman növü üzrə 185 idman klubu yaradılıb və klublar yeni idman avadanlıqları ilə təmin olunubdur. Bunlarla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil edilir.

Pandemiya dövründə nazirlik tərəfindən işlər izolyasiya qaydaları nəzərə alınmaqla, gecikdirilmədən davam etdirildi. Tədrisin martın 4-dən dayandırılmasına baxmayaraq, muxtar respublika məzunlarının buraxılış imtahanlarındakı nəticələri 2018-2019-cu tədris ili ilə müqayisədə artmışdır. Yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb, STEAM təhsil metodunun tətbiq edilməsi ilə bağlı dərslik və tədris proqramları, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunubdur. Məktəb kitabxanaları ayrı-ayrı fənlərin tədrisi üçün 2140 elektron tədris vəsaiti ilə təmin edilibdir. 2019-2020-ci tədris ilində keçirilən layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə, ümumilikdə, 27 elmi rəhbərin və 50 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 30 layihə üzrə tədqiqatlar aparıbdır. Ötən dövrdə dünyada pandemiyanın yayılmasına baxmayaraq, bütün layihələrin icrası başa çatdırılıb, hətta həmin layihələrdən 4-ü beynəlxalq, eləcə də respublika əhəmiyyətli müsabiqə və tədbirlərdə uğur qazanıbdır. Hazırda isə 25 layihə üzərində tədqiqat aparılır.

Distant təhsil verə biləcək platformalar arasında onlayn media və televiziyadan bu müddətdə fəal şəkildə istifadə olundu. Bu platformalar sinifdə üzbəüz dərslərin mümkünsüzlüyü zamanı öyrənməni asanlaşdırmağa, müəllim və tələbələr arasındakı qarşılıqlı əlaqəni mümkün qədər artırmağa, eləcə də distant təhsilin ənənəvi təhsilə mümkün qədər yaxınlaşmasına kömək etdi. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Təhsil Nazirliyinin tabeliyinə verilən Televiziya və Radio Verilişləri Redaksiyası artıq tədrisyönümlü fəaliyyətə başladı. “Təhsilin inkişaf yolu” və “Təhsilə dair”, “Dərs vaxtı” verilişləri, eləcə də pandemiya dövründə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün qısametrajlı maarifləndirici videoçarxlar, teleanonslar, teatr tamaşaları, həmçinin muxtar respublikada təhsil sahəsində keçirilən tədbir, müsabiqə və yarışlarla bağlı “Təhsildə bu gün” adlı veriliş “Kanal-35” televiziyasında yayımlanıb.

Əgər pandemiya 30 il bundan öncə Naxçıvana gəlsəydi...

Vəziyyət necə olardı? Təbii ki, acınacaqlı. Çünki çökmüş iqtisadiyyatla, insan sağlamlığı üçün əvəzolunmaz varlıqlar olan ağacların kəsilməsi, meşələrin qırılması ilə məhv edilmiş təbiətlə, təbii qazın, elektrik enerjisinin olmaması ilə, ərzaq təhlükəsizliyindən söhbət belə getmədiyi bir dövrdə bu vəziyyətdən çıxış mümkünsüz olardı. Elektrik enerjisinin iki saatdan bir verildiyi, səhiyyə sistemimizin yox dərəcəsində olduğu bir vaxtda bu gün dünyanın inkişaf etmiş ölkələrinin belə öhdəsindən gələ bilmədiyi pandemiyanın caynağından qurtulmaq möcüzə kimi görünür. Müstəqillik illərində Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində bəzi dünya dövlətlərinin belə öhdəsindən gələ bilmədiyi gözə görünməz düşmənlə mübarizədə qalib çıxdıq.

Pandemiya nə öyrətdi?

Pandemiya bizə öyrətdi ki, həm müəllimlər, həm də tələbə və şagirdlər mükəmməl rəqəmsal bacarıqlara yiyələnməlidirlər. Belə bacarıqların olmaması müasir texnologiyalardan istifadəni məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneə yaradır. Çünki XXI əsr texnologiya əsridir. Ali Məclis Sədrinin də dediyi kimi: “Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır”. Bu baxımdan dövrün tələbinə uyğun olaraq rəqəmsal bacarıqların təkmilləşdirilməsi vacib istiqamətlərdəndir. Nəzərə alsaq ki, bu sahədə də muxtar respublikamızda hər cür şərait yaradılıb, bizə, sadəcə, yaradılan şəraitdən səmərəli istifadə etmək qalır.

Rəmzi İbrahimov


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg