• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün838
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2811
mod_vvisit_counterBu ay35143
mod_vvisit_counterÜmumi2502408

Tarix: 23 Apr., 2024

Şahbuz rayonunda yayılan yeməli göbələklər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir. Layihədə iştirak edən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fatimə Həşimova, elmi rəhbər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Seyidova tərəfindən “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı göbələklərin faydalı xüsusiyyətləri” mövzusunda tədqiqat işi aparılıb. Tədqiqat işinin mövzusuna uyğun olaraq “Şahbuz rayonunda yayılan yeməli göbələklər” mövzusunda məqalə hazırlanıb. Məqalədə Şahbuz rayonunda yayılan papaqlı göbələklərin yeməli növləri haqqında geniş məlumat verilir:

Cəmiyyətin müasir mərhələdə inkişafı, elmi-texniki tərəqqinin ətraf mühitə əsaslı təsir etdiyi bir dövrdə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün təbii bitki ehtiyatlarının, o cümlədən təbii sərvətlərdən səmərəli və məqsədyönlü istifadə olunması daim diqqət mərkəzindədir. Papaqlı göbələklərin elmi əsaslarla kompleks öyrənilməsinin təşkili və onlardan istifadə edilməsi dövrün əsas məsələlərindən biridir. Müasir dövrdə əhalinin maddi rifah halını daha da yaxşılaşdırmaq, onların artan tələbatını maksimum dərəcədə ödəmək üçün, hər bir ölkənin iqtisadi yüksəlişi, digər faktorlarla bərabər onun təbii ehtiyatlarının hərtərəfli öyrənilməsi və səmərəli istifadəsindən də asılıdır. Buna görə də Naxçıvan Muxtar Respublikasının bioresurslarını elmi şəkildə araşdırıb aşkara çıxarmaq və səmərəli istifadə imkanlarının müəyyənləşdirilməsi günün aktual məsələlərindən biridir. Tədqiqat obyektimiz olan Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklər məhz bu qrupa daxildir. Ərazidə yayılan yeməli göbələklər təbii sərvət olmaqla yanaşı, həm də qidalılığına görə qiymətli məhsul hesab olunurlar. Bu növlərin çoxu qədim zamanlardan başlayaraq bu günə qədər insanların qidasında xüsusi yer tutmuşdur. Hazırda əhali yeməli göbələklərdən yalnız dombalandan (Terfezia leonis), sarıcadan (Cantharellus cibarius) və şampinyonlardan Agarisus cinsinə daxil olan, yerli əhali tərəfindən isə “ağ göbələk“ və ya adam göbələyi adlandırdığı növlərdən istifadə edir, lakin əksər növlər isə istifadəsiz olaraq qalır. Buraya xüsusilə, bazidiomisetlərdən olan papaqlı, lətli göbələklər və qismən də askomisetlərdən olan lətli göbələklər aiddir.

Göbələklərin qida kimi qəbulu məsələsi çox qədimdən məlumdur. Eramızdan əvvəl IV əsrdə yaşamış Aristotelin tələbəsi qədim yunan filosofu Teofrast öz əsərində şampinyon, tryufel və quzu qarnı kimi göbələklər haqqında məlumat veribdir. Antik dövrdə qədim romalılar və yunanlar keserov göbələyindən və dombalandan hazırlanmış yeməkləri delikates hesab edirdilər.

Azərbaycanda ilk dəfə yeməli papaqlı göbələk XVII əsrdə qeydə alınıbdır. Azərbaycanda papaqlı göbələklərin qida əhəmiyyəti ilk dəfə olaraq A.S.Sadıqov tərəfindən sistemli olaraq öyrənilib  və Lənkəran zonasında aparılan tədqiqat işlərinin nəticələrinə əsaslanaraq yazdığı dissertasiya işində 69 növ, məqaləsində isə 86 növ yeməli göbələk haqqında ətraflı məlumat verib. Sonrakı tədqiqatlarda müəllif  tərəfindən daha 2 növün- konusvari quzuqarnı (Morchella conica) və adi quzuqarnının (M.esculenta) qida əhəmiyyəti dəqiqləşdirilib.

Yeməli göbələklərin ərzaq, qida məhsulu kimi əhəmiyyəti onların kimyəvi tərkibi və dadlılığı ilə müəyyən edilir. Təzə halda olan yeməli göbələklərin kimyəvi analizi  onların tərkibinin orta hesabla 90 %- ni su təşkil etdiyini göstərir. Göbələyin quru çəkisinin 30-40 %-ni zülal, 10-15 %-ni karbohidratlar, 1-2 %-ni isə yağlar təşkil edir. Onları bəzən ətlə bərabər və daha artıq qida əhəmiyyətli məhsul hesab edirlər. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələr də vardır. Göbələklərdə zülallar və yağlar tərəvəzdə olduğundan xeyli çox, karbohidratlar isə bitki məhsullarına nisbətən azdır. Qeyd etmək lazımdır ki, göbələk zülalı çətinliklə mənimsənildiyi üçün, zülalı qidalanmada yüksək qiymətləndirilmir. Yeməli göbələklərdə olan A, B1, B2, B12, D, C, PP vitaminləri insan və heyvan orqanizmlərində gedən maddələr mübadiləsində bioloji katalizator kimi çox böyük rol oynayırlar. Ədəbiyyat məlumatlarında yeməli növlərdə bəzi vitaminlərin quru çəkiyə görə miqdarında tiamin (B1) 1,0- 130 mq/kq, riboflavin (B2) 3,6- 210 mq/100q, nikotin turşusu (PP) 341- 800 mq/kq, askarbin turşusu (C) 48- 520 mq/100q, B12  0,0007- 0,1 mq/kq olduğu qeyd edilibdir. B1 vitaminin olmasına görə göbələklər dənli məhsullardan geri qalmır. Təbii halda bitən bir çox yeməli göbələklərdə “D“ vitamininin də kifayət qədər olduğu göstərilir. Bəzi göbələklərdə olan “PP“ vitamininin miqdarı maya göbələkləri və qaraciyərdə olduğu qədərdir. Göbələklərdə aromatik efirli yağlar- terpenlər də geniş yayılıbdır. Ekstrativ maddələr onlardan hazırlanmış yeməklərə xüsusi ətir və xoş dad verir. Bundan əlavə göbələklərdə mineral maddələr və mikroelementlər- kalium, fosfor, natrium, yod, arsen, manqan aşkar edilmişdir. Ali bitkilərə xas olan nişasta burada yoxdur. Göbələyin meyvə cismində ehtiyat qida maddəsi kimi qlikogen vardır ki, o da yalnız heyvan orqanizmlərində rast gəlinir.

Aparılan tədqiqatlar zamanı Şahbuz rayonu ərazisində yayılan papaqlı göbələklərin istifadə perspektivləri öyrənilmişdir. Müəyyən olunubdur ki, ərazidə papaqlı göbələklərin 42 yeməli növü yayılıbdır.

Yeməli göbələklər tərkibinə və dadlılığına görə əsasən 4 kateqoriyaya bölünürlər. Tədqiqat apardığımız ərazidə I kateqoriyalı göbələyə rast gəlinməyib. Şampinyonlar, kilkəli peyinlər II, sarıca, payız kötükcəsi, bir sıra alkövrəklər III, hündür çətirgöbələk, asılqal, dişcikli tozanaq, pulcuqlu qov göbələyi IV kateqoriyaya aid edilir.

Göbələklərin qidalılıq dəyərinə görə qiymətləndirərkən hər şeydən əvvəl onların meyvə cisimlərinin ölçülərini də nəzərə almaq lazımdır. Belə ki, CollybiaMarasmius və Mycena cinslərinə daxil olan bəzi növlərin yeməli olmasına baxmayaraq, onların meyvə cisimləri kiçik olduğundan toplanılması çətin və zəhmət tələb edəndir. Ona görə də onları az miqdarda toplayıb salat kimi yeməklərdə istifadə etmək olar.

Aparılan tədqiqatlar zamanı müəyyən olunub ki, Şahbuz rayonu ərazisində yeməli göbələklər daha çox Biçənək, Külüs, Keçili, Ağbulaq, Qışlaq, Daylaqlı və s. kəndlərinin ətraf ərazilərində və Batabat zonasında yayılıbdır.

Dünyada əhali artımının durmadan artdığı bir zamanda bəşəriyyət qarşısında duran məsələlərdən biri də süni zülal mənbələrinin müxtəlif üsullarla artırılması problemidir. Bununla əlaqədar olaraq yeməli göbələklərin süni surətdə artırılması önəmli məsələlərdən biridir.

Həmidə Seyidova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu

Fatimə Həşimova

Heydər Əliyev adına məktəbin IX sinif şagirdi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg