Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq VI və VII sinif şagirdləri arasında 26-27 aprel tarixlərində 2020-2021-ci tədris ili üzrə Məktəblilərarası fənn müsabiqələrinin I mərhələsi keçirilib. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Müsabiqədə muxtar respublikadan VI siniflər üzrə 204 şagird, VII siniflər üzrə isə 266 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarət olub.
Saat 10:00-da başlanan müsabiqədə şagirdlərə biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə 50 sual təqdim olunub. Müsabiqədə şagirdlərə test tapşırıqlarının cavablandırılması üçün 3 saat vaxt verilib. Nəticələrin növbəti həftə ərzində elan onunması gözlənilir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi