Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə Naxçıvan şəhər 5 və 15 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Yoldaşlıq görüşünün yekununa əsasən 15 nömrəli tam orta məktəbin komandası 3:0 hesabı ilə qalib gəlib. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.
Eyni gündə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə “Naxçıvan”-“Babək” komandaları arasında mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib. Tədbirdə çıxış edənlər muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıb, görüşün qaydaları haqqında məlumat veriblər. Naxçıvan Şəhər və Babək Rayon Təhsil Şöbələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə “Naxçıvan” komandası 11:2 hesabı ilə qalib gəlib. Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçılar tərəfindən diplom, Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi