Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mütaliə aylığı” ilə əlaqədar “Birlikdə mütaliə edək” adlı tədbir keçirilib. Tədbirdə oxunması zəruri olan kitablardan Qurban Səidin “Əli və Nino” əsərinin mütaliəsi və müzakirəsi aparılıb.
Əsərdəki qan yaddaşına əbədi hopmuş qəhrəmanlıq, vətənpərvərlik, milli köklərə bağlılıq, bütün dinlərə hörmət, multikulturalizm və nəcib keyfiyyətlər haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, 33 dilə tərcümə edilərək 66 ölkədə nəşr olunmuş “Əli və Nino” əsərinin mövzusu və ideyası bu gün də gənclərin milli vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bugünkü gəncliyimizdə bu keyfiyyətlərin aşılanmasında bu əsərin böyük rolu vardır.
Sonda şagirdlər bir-birlərinə öz oxuduqları kitabları bağışlayıblar.
Həmçinin rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Oxunması zəruri olan kitablar”dan Moris Meterlinkin ”Göy quş” əsərinin müzakirəsi və esse yazı müsabiqəsi keçirilib. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri şagirdlərlə əsər haqqında müzakirələr aparıblar və əsər haqqında şagirdlərə geniş məlumat veriblər. Sonra məktəblilər esse yazıblar. Nəticələrə əsasən Gənzə kənd tam orta məktəbin şagirdi Xədicə Həsənova I yerin,1 nömrəli tam orta məktəbin şagirdi Səriyyə Məmmədova II yerin, 3 nömrəli tam orta məktəbin şagirdi Gülcan Məmmədova isə III yerin qalibi olublar. Qaliblər Rayon Təhsil Şöbəsi tərəfindən diplomla təltif olunublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi