Şagirdlərin asudə vaxtlarından səmərəli istifadə etməsi, onlarda oxu vərdişlərinin formalaşdırılması, dünya görüşü və intellektual səviyyələrinin inkişafına kömək etmək məqsədi ilə kitab müzakirələri, şeir müsabiqəsi və bir sıra əsərlərin kompozisiyası təşkil olunub. Eyni zamanda Babək Rayon Təhsil Şöbəsinin Tədbirlər Planına uyğun olaraq, Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəb kitabxanaçıları arasında M.S.Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib. Müzakirədə M.S.Ordubadi yaradıcılığı haqqında ətraflı məlumat verilib, əsərin sujeti, bədii obrazlılığı və müəllifin hadisələrə və obrazlara fərdi yanaşması təhlil olunub.
Həmçinin Babək Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə məktəblilər arasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Ümumtəhsil məktəblərindən otuz şagirdin iştirak etdiyi müsabiqədə qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Babək rayon Xalxal və Məzrə kənd tam orta məktəblərində T.Drayzerin “Dahi”, Şəkərəbad kənd tam orta məktəbində isə C.Məmmədquluzadənin “Danabaş kəndinin əhfalatları” əsərinin müzakirəsi keçirilib. Müzakirədə yazarlar haqqında ətraflı məlumat verilib, əsərlərdəki surətlər, sujet xətti, hadisələr təhlil olunub.
Babək rayon Nəcəfalı Dizə kənd tam orta məktəbində F.Sumerin “Oğuzlar” əsəri isə pedaqoji heyət tərəfindən müzakirə olunub. Müzakirə zamanı məktəbin ədəbiyyat müəllimi Murad Əsgərov F.Sumer haqqında ətraflı məlumat verib, əsərin ortaq türk tarixi dövrü üçün mükəmməl bədii ədəbiyyat nümunəsi olduğunu qeyd edib. Müzakirənin davamında müəllimlər əsər haqqında öz fikirlərini bildiriblər.
Babək rayon Zeynəddin və Payız kənd orta məktəblərində isə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub. Hər iki tədbirdə aşıq haqqında şagirdlərə məlumat verilib, şagirdlər tərəfindən aşığın məhşur şeirləri səsləndirilib. Həmçinin, Zeynəddin kənd tam orta məktəbində şagirdlərin bədii mütaliəyə marağını artırmaq məqsədi ilə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpic kəsən qocanın dastanı” hekayəsi və S.Rüstəmin “Ana və poçtalyon” şeiri səhnələşdirilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi