• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1625
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5961
mod_vvisit_counterBu ay34339
mod_vvisit_counterÜmumi2464828

Tarix: 29 Mart, 2024

Yaradılan imkanlar nəticəsində muxtar respublikada yüksək nüfuz qazanan Naxçıvan Qızlar Liseyi

Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”. Bu nöqteyi-nəzərdən yanaşsaq, qadının təhsil alması savadlı və sağlam gələcəyin qurulması üçün daha vacibdir. Gələcəyin xanımları - böyüməkdə olan gənc qızların hər biri gələcəyin anası, gələcəyin övlad tərbiyəedicisi və gələcəyin ailə başçılarıdır. Gələcəyin anaları - bugünkü gənc qızlar nə qədər savadlı və nə qədər vətənpərvər olsalar, gələcəkdə öz övladlarını da o ruhda tərbiyə edəcəklər.

Tarixən Naxçıvan ziyalıları qızların təhsilinin olmasına məxsusi səy göstərmiş, hələ XIX əsrin sonlarında Naxçıvan ictimai-mədəni mühitində qadınların təhsili məsələləri qabaqcıl ziyalılar arasında geniş yayılmışdır. Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə kimi mütərəqqi görüşlü ziyalılar qadınların maariflənməsi uğrunda müəyyən əməli fəaliyyət nümunəsi göstərə bilmişlər. Bu bir həqiqətdir ki, Azərbaycanda qızlar üçün məktəb açılmasının ilk təşəbbüskarı görkəmli maarifçi Cəlil Məmmədquluzadə olub. O, 1893-cü ildə Nehrəm məktəbində qızlar sinfi açıb. Naxçıvanda ilk dünyəvi qadın məktəbi isə Məhəmmədtağı Sidqi tərəfindən 1896-cı ildə təsis olunmuşdur. Bu cəsarətli işin davamı olaraq qızların təhsilalmalarına hər zaman xüsusi diqqət yetirilən muxtar respublikada 1992-ci ildən “Xanım Qızlar Pansionu” yaradılıb. 2004-cü ildən “Naxçıvan Qızlar Liseyi” adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir. Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 2011-ci ildə yenidən əsaslı təmir olunaraq müasir infrastrukturla zənginləşdirilən Naxçıvan Qızlar Liseyinin fəaliyyəti üçün zəruri tədris şəraiti yaradılıb. 608 şagird yerlik liseyin binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 29 sinif otağı, 3 laboratoriya, 4 elektron lövhəli sinif, internetə çıxışı olan 2 kompüter otağı, müəllimlər otağı və idman zalı yerləşir. Bundan başqa, binada 2 şahmat otağı (otaqlardan biri elektron lövhəli), idman zalı, musiqi otağı da ayrılıb ki, həmin otaqlar da lazım olan müasir avadanlıqlarla təmin olunub. Həmçinin liseydə tədrisin keyfiyyətinin artırılması məqsədilə ilə klassik və müasir Azərbaycan, eləcə də, dünya ədəbiyyatı nümunələri, ensiklopediyalar ilə zəngin kitabxananın olması şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açıb. Binada yerləşən kimya, biologiya və fizika laboratoriyaları tədris avadanlıqları ilə zəngindir. Bu laboratoriyalarda müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. İlk tibbi yardım kabinəsi lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunub ki, burada şagirdlərə ilk tibbi yardımın sirləri öyrədilir.

Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva deyir ki, liseyin əsas məqsədi burada təhsil alan hər bir şagirdi savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan, milli-mənəvi dəyərlərimizə sadiq və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi formalaşdırmaqdır. Bu isə Naxçıvan Qızlar Liseyinin təlim-tədris prosesinin əsasını təşkil etdiyi üçün, burada formalaşan yeniyetmələr xüsusi qabiliyyətləri və nəcibliyi ilə seçilirlər. Göstərilən qayğının nəticəsidir ki, liseyimizin uğurları ildən-ilə artır. 2019-2020-ci tədris ilində liseyi 49 məzun bitirmiş, bunlardan 47-si ali məktəblərə, 2-si isə orta ixtisas məktəblərinə qəbul olmuşlar. Məzunlardan 1-i Qızıl, 2-si Gümüş nişana, 1-i isə Fərqlənmə attestatına layiq görülmüşdür. Şagirdlərimizdən 14-ü 500-700 intervalında bal toplamışdır. Bu tədris ilində isə liseyin XI sinfində 41 şagird təhsil alır. Onların da yaxşı nəticə göstərmələri üçün müəllim kollektivimiz səylə çalışır.

Liseyin direktoru bir ildə liseyin qazandığı uğurlardan da qürurla danışır: “Liseyimizin ən böyük uğuru müəllimimiz Əsgərova Gülmirə Amən qızının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında 5 oktyabr 2020-ci il tarixli Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmasıdır. Şagirdlərimizin nailiyyətləri isə bizi daha çox sevindirir. Bu il liseyin şagirdlərindən 2-si Muxtar respublika fənn olimpiadalarında qalib olmuş, 4-ü isə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Muxtar respublikada ilk dəfə keçirilən Respublika fənn müsabiqəsində isə VI siniflər üzrə 10, VII siniflər üzrə 15 olmaqla, ümumilikdə 25 şagird iştirak etmişdir. İnanırıq ki, yaxın günlərdə elan olunacaq nəticələrdə liseyin şagirdlərinin uğurları bol olacaq. Həmçinin  2020-2021-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə davam etdirilən “Sabahın tədqiqatçıları” layihəsində liseyimizin X sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikası ərazisində bəzi mineral suların Kurlov formulunun təyini” adlı layihəsi “Rusiya Pedaqoqları” Ümumrusiya Təhsil Portalı tərəfindən keçirilən “Uşaqların və gənclərin yaradıcılıq və intellekt” Beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Nuray Məmmədovanın “Muxtar respublikanın yeraltı su ehtiyatları” və liseyin XI sinif şagirdləri Səma Abdullayeva və Bəhriyyə Mustafayevanın “Naxçıvan daş duzundan Tibbi natrium xloridin alınması” adlı məqalələri isə Moskvada “Rusiya Federasiyası Pedaqoji lahiyə Akademiyası”nın təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümumrusiya distant konfransında sertifikata layiq görülüb.

Naxçıvan Qızlar Liseyinin dərs hissə müdiri Fərqanə Həsənova isə liseydə 381 şagirdin təlim-tərbiyəsi ilə 61 müəllim və tərbiyəçinin məşğul olduğunu bildirir. Fərqanə müəllimə deyir ki, bütün ümumtəhsil məktəbləri kimi Naxçıvan Qızlar Liseyində də təlim-tərbiyənin düzgün qurulmasına xüsusi diqqət yetirilir. Liseydə dərslər ümumtəhsil məktəblərinin tədris proqramı əsasında keçirilir. Dərsdənkənar məşğələlərin hesabına mənəviyyat dərsi, şahmat, Naxçıvan tarixi tədris edilir. Milli dəyərlərimizin qorunub saxlanılması, onların gənc nəslə aşılanması liseyimizin əsas fəaliyyət nöqtələrindən biridir. Həmçinin liseydə vaxtaşırı şagirdlərin muzeylərə ekskursiyası, şeir, rəsm, inşa yazı və dram müsabiqələri, əl işlərindən ibarət müxtəlif sərgilər təşkil olunur, muxtar respublika üzrə təşkil edilən yaradıcılıq sərgilərində şagirdlərimiz fəal iştirak edirlər. Bundan başqa liseydə şagirdlərin öz bacarıqlarını inkişaf etdirmələri üçün “Xalçaçılıq”, ”Kulinariya”, ”Tikiş-toxuculuq” dərnəkləri də yaradılıb. Dərs saatları bitdikdən sonra, elektron lövhələrdə tarixi adət-ənənələrimizi özündə nümayiş etdirən Azərbaycan filmləri şagirdlərə nümayiş olunur ki, bu da onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan verir.

Liseyin XI sinif şagirdi Bəhriyyə Mustafayeva: “Mən 2015-ci ildə liseyin V sinfinə qəbul olunmuşam. Burada oxumağıma və məhz Naxçıvan Qızlar Liseyini seçməyimə görə özümü daha şanslı görürəm. Ona görə ki, mən və mənim kimi burada təhsil alan qızlar elm, təhsil almaqla yanaşı, həm də əsl xanım kimi formalaşırıq. Burada biz isti yemək və çayla təmin olunuruq. Günün ikinci yarısında tərbiyəçi müəllimlərin nəzarəti ilə məşğələlərimiz başlayır. Məşğələlərdə bizə növbəti günün dərslərinin hazırlanmasında köməklik göstərilir. Burada aldığım yüksək səviyyəli təhsilin nəticəsidir ki, test sınaq imtahanlarında 600-700 intervalında bal toplayıram. Dərslərimi yaxşı oxuyuram. Keçirilən müxtəlif müsabiqələrdə - həm olimpiadalarda, həm də “Sabahın tədqiqatçıları” layihəsində uğurla iştirak edir, yüksək nəticə göstərirəm. IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında iştirak edəcəyəm. Hədəfim 650-dən yuxarı bal toplamaq və ən böyük arzuma, həkim olmaq arzusuna nail olmaqdır. Bu yolda səylə çalışıram və məni bu peşəyə həvəsləndirən müəllimlərimə minnətdaram. Onların sayəsində elmlərin sirlərinə yiyələnirəm. Çalışacağam ki, liseyi xüsusi nailiyyətlə başa vurub müəllimlərimin etimadını doğruldum”.

Liseyin uğurlarının ilbəil artmasının nəticəsidir ki, muxtar respublikada bu təhsil ocağı yüksək nüfuz qazanmışdır. Hər il liseyə müraciət edənlərin sayı əvvəlki illərə nisbətən daha da artmaqdadır.

Müasir tədris şəraiti ilə təmin olunmuş liseyə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər. Liseydə təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır. Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların liseyə qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.

Bu il də 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdlərinin liseyə sənəd qəbulu aparılır. 1 aprel 2021-ci il tarixdən başlanan sənəd qəbulu mayın 25-dək davam edəcəkdir. İyunun 11-də test formatında müsabiqə yolu ilə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Müsabiqədə iştirak etmək üçün səylə hazırlaşan  hər bir şagirdə uğurlar arzulayırıq!

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg