Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tərtibatçı rəssamı Səkinə Qarayevanın Azərbaycanın görkəmli mütəfəkkiri, dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Xəmsə möcüzəsi” adlı dekorativ əl işlərindən ibarət fərdi sərgisi təşkil olunub. Sərgini Mərkəzin direktoru Rəşad Xudiyev giriş sözü ilə açaraq Azərbaycan mədəni irsinə, ədəbiyyatına, dünya şöhrətli dahi şairinə verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı verdiyi Sərəncamın bu dəyərin, qayğının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra Rəssamlar Birliyinin üzvü Həmzə Sadiqov və Sabir Məmmədov təşkil olunan sərgiyə xoş münasibətlərini bildirərək, Səkinə Qarayevaya işlərində uğurlar arzu ediblər.
“Xəmsə möcüzəsi” adlı dekorativ əl işlərindən ibarət sərgiyə və səmərəli fəaliyyətinə görə Mərkəzin direktoru tərəfindən diplomla təltif olunan Səkinə Qarayeva sərginin təşkil olunmasında yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və bundan sonrakı fəaliyyətində daha da səylə çalışacağını qeyd edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi