Mayın 17-də Naxçıvan Şəhər Texniki Peşə və Sürücülük Məktəbinin 15, 16 və 17 nömrəli xüsusitəyinatlı qruplarının müdavimləri və qrup rəhbərləri Avtomobillərin quruluşu və istismarı fənni üzrə “Yük avtomobillərinin quruluşu” mövzusunda təcrübə-məşğələ keçib. Müdavimlərin gələcəkdə peşakar sürücü kimi yetişməsinə stimul yaratmaq məqsədilətəşkil edilən təcrübə-məşğələDaxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur rayon ərazisində yerləşən Xüsusi Təyinatlıların Əsgəri Məişət Kompleksinin avtomobil parkında keçirilib. Məşğələ zamanı müdavimlər yeni müasir avtomobillərlə və zirehli texnikalarla yaxından tanış olublar.
Müdavimlərə təlimlər zamanı bildirilib ki, sürücü idarə etdiyi maşının sazlığına, qorunub saxlanmasına və istifadə üçün hazırlanmasına cavabdehdir. Onun vəzifələri idarə etdiyi maşının quruluşu, texniki imkanlarını və istifadə qaydalarını dəqiq bilmək, idarə etdiyi maşın üçün istifadə edilən yanacaq-sürtgü, habelə digər istismar materiallarının növünü və sərf olunma normasını bilmək və onların qənaətlə istifadəsinə çalışmaqdır. Vurğulanıb ki, əsas istismar nasazlıqlarının səbəblərini bilmək, onları vaxtında müəyyən etmək və aradan qaldırmağı bacarmaq, maşında baş verən nasazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirməyi hər bi peşəkar sürücü bilməli və əməl etməlidir.
Qeyd olunub ki, maddi-texniki təchizatla zəngin olan Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur rayon ərazisində yerləşən Xüsusi Təyinatlıların Əsgəri Məişət Kompleksi keçirilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, bacarıqlı mütəxəssislərin hazırlanmasına köməklik göstərir.
Sonra müdavimlərə QAZ-3308, SADKO və ZİL-131 markalı avtomobillərin təkər düsturu, yük götürmə qabilliyəti, yedəklənən qoşqunun çəkisi, avtomobillərin kütləsi, maksimal sürəti, yanacaq nəzarət sərfi, mühərrikin gücü, yanacaq çəlləyinin tutumu və sayı, yağlama sistemi, soyutma sistemi haqqında məlumat verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi