Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil məktəblərin şagirdləri arasında stomatoloji xəstəliklərin yayılmasının qarşısını almaq və xəstəlikləri tədqiq etmək məqsədilə müayinələr başlayıb.
İlk dəfə olaraq Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin stomatoloq həkim, rezident və tələbələri ilə məktəb kolletivi arasında görüş keçirilib.
Layihəyə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə start verilib. Layihə çərçivəsində məktəblilər arasında stomatoloji xəstəliklərin yayılması haqqında elmi məqalələr, tədris-metodiki vəsaitlər və yekunda dərslik hazırlamaq qarşıya məqsəd kimi qoyulub.
Müayinələr zamanı şagirdlərin diş xəstəliklərinə dair problemləri tədqiq edilib, o cümlədən tələbələr nəzəri biliklərini təcrübədə tətbiq ediblər. Görüş çərçivəsində keçirilən müayinələr zamanı şagirdlərə diş sağlamlığının qorunması, dişlərə qulluq barədə tövsiyələr verilib və məktəblilərə dişə qulluq vasitələri hədiyyə edilib.