2020-2021-ci tədris ilindən muxtar respublikada tətbiqinə başlanılan STEAM təlim metodu üzrə görülən işlər uğurla davam edir. Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq 15-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış 38 məktəbdə isə kabinələrin yaradılması istiqamətində işlər davam edir. Yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur ki, bu da STEAM-in tətbiqinə geniş imkan yaradır. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodu ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanmışdır. Bu sahədə müəllimlərin təlimlərə cəlb olunması da diqqətdə saxlanılmış, bu günədək 80 müəllim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən kurslara cəlb olunmuş, təlimləri başa vuran müəllimlər sertifikatla təmin edilmiş, 150 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn təşkil edilən STEAM təlimlərində iştirak etmişdir.
Bütün bunlarla yanaşı Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzi innovativ təlim metodlarının mənimsənilməsinə, təhsilverənlərin formalaşdırılması və hazırlığına geniş imkanlar açır. Yaradılan şəraitin nəticəsidir ki, Mərkəz fəaliyyətə başlanandan həm müəllimlər, həm də təcrübədə olan tələbələr üçün seminarlar, kurslar təşkil olunmuşdur.
Hazırda STEAM Tədris Mərkəzində təlimlər davam edir. Mayın 19-dan iyunun 11-dək təşkil olunan təlim həftədə 2 dəfə olmaqla keçirilir. Təlimlərdə muxtar respublikanın ümumtəhsil məktəblərindən 18, ali təhsil müəssisələrindən isə 2 müəllim iştirak edir. Təlimlər zamanı müəllimlərə STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları ilə yanaşı nəzərdə tutulan proqram əsasında STEAM tədrisi üçün istifadə olunan “www.tinkercad.com” səhifəsindən onlayn istifadə bacarıqları mənimsədilir. Müəllimlər www.tinkercad.com səhifəsində müxtəlif obyektlərin informasiya modellərinin yaradılması və 3D çap modulundan istifadə etmə qaydaları haqqında geniş məlumatlar əldə edirlər.
Keçirilən təlimlər nəticəsində müəllimlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olurlar. Qeyd edək ki, növbəti təlimlərdə proqram əsasında müəllimlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və s. bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcəklər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçi