İstedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması məqsədilə məktəblilərin fənn müsabiqələrinin final mərhələsi keçirilmişdir. Müsabiqənin final mərhələsində ümumtəhsil məktəblərinin VI və VII siniflərdən olmaqla 147 şagird iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasında müsabiqənin final mərhələsi mayın 25-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil edilib. Saat 10:00-da start verilən müsabiqədə şagirdlərə biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə 50 sual təqdim olunub və test tapşırıqlarının cavablandırılması üçün 3 saat vaxt verilib.
Bu mərhələdə muxtar respublikadan 36-sı riyaziyyat, 15-i isə informatika fənni olmaqla, ümumilikdə 51 şagird VI sinif üzrə, 27-si fizika, 31-i kimya, 38-i isə biologiya fənni olmaqla, ümumilikdə 96 şagird isə VII sinif üzrə öz bilik və bacarığını nümayiş etdirib.
Qeyd edək ki, Respublika fənn müsabiqələrinin I mərhələsi də eyni fənlər üzrə keçirilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi