Muxtar respublikada istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə müxtəlif müsabiqələr və bilik yarışları içərisində olimpiadalar xüsusi ilə seçilir. Bu tədris ilində də məktəblilərin muxtar respublika və respublika fənn olimpiadaları keçirilmişdir. Muxtar respublika üzrə 121 məktəbli Respublika fənn olimpiadasının final turuna vəsiqə qazanmışdır.
Mayın 31-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə məktəblilərin Respublika fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə final turu keçirilib. Olimpiada zamanı hər üç fənn üzrə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilib.
Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 18, tarix fənni üzrə 19, coğrafiya fənni üzrə isə 13 olmaqla, ümumilikdə 50 şagird iştirak edib. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, iyunun 1-də keçiriləcək final turunda riyaziyyat fənni üzrə 26, fizika fənni üzrə 13 olmaqla, ümumilikdə 39 şagird, iyunun 4-də keçiriləcək final turunda isə kimya fənni üzrə 18, biologiya fənni üzrə isə 14 olmaqla, ümumilikdə 32 şagird iştirak edəcəkdir. Növbəti final turları da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Dəqiq elmlər üzrə sualları cavablandırmaq üçün isə iştirakçılara 4 saat vaxt veriləcəkdir.