Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışı təşkil edilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada uşaqlara göstərilən qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə gələcəyimizin qurucuları olan uşaqların hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi böyüməsi üçün dövlət qayğısı və diqqəti yüksək səviyyədədir. Bunu muxtar respublikamızda da aydın görmək olar. Onların milli dəyərlər əsasında tərbiyəsi, sosial ehtiyaclarının hərtərəfli təmini, sağlam mühitdə böyümələri, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlar, innovativ layihələr tətbiq olunur, tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir. Beləliklə də hər ötən il ümumtəhsil məktəblərinin şagirdləri istər qəbul, istərsə də muxtar respublika, ölkə və beynəlxaq səviyyəli müsabiqə və yarışlarda yüksək nailiyyətlər əldə edir, istedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər.
Rəhman Məmmədov vurğulayıb ki, Ali Məclis Sədrinin tapşırığı əsasında 2019-2020-ci tədris ilindən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin, 2020-2021-ci tədris ilindən isə ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılıb. Ötən müddət ərzində məktəbdənkənar təhsil müəssisəsələrində 60-dan çox innovativ dərnək, 15 məktəb və məktəbdənkənar təhsil müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Yaradılan innovativ dərnəklərə bütün kateqoriyalardan, o cümlədən sağlamlıq imkanı məhdud uşaqların cəlbi də diqqətdə saxlanılıb. Məktəbdənkənar təhsil müəssisələrində müxtəlif profilli dərnəklərə 169 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan innovativ dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin etməklə bərabər, həmçinin onlara gələcəkdə peşə seçimində düzgün qərar verməyə kömək etdiyi də qeyd edilib.
Rəhman Məmmədov muxtar respublikada uşaqlara göstərdiyi diqqət və qayğıya, onların təhsili üçün yaratdığı şəraitə görə tədbir iştirakçıları, o cümlədən bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, bütün uşaqları “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev sərgi haqqında geniş məlumat verib. Bildirib ki, Sərgi-satışda 100 rəsm, 31 ebru sənəti, 38 xalçaçılıq, 287 toxuculuq, 50 bədii tikmə, 32 dulusçuluq, 137 heykəltəraşlıq, 40 ağac üzərində oyma, 46 ağac üzərində yandırma, 45 metal üzərində bədii döymə, 166 bujiteriya, 72 dekorativ iş olmaqla, müxtəlif janrlarda 1109 yaradıcılıq işi nümayiş olunur.
Murad Babayev qeyd edib ki, ümumilikdə 348 şagirdin yaradıcılıq nümunələri sərgi-satışa çıxarılıb. Bunlardan 750-si dekorativ, 359-u isə təsviri sənət işləridir.
Sonra millilik gözlənilməklə müxtəlif formalarda sərgi-satışa çıxarılan əl işlərinə baxış olub. Nümayiş olunan işlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, sərgi-satışı 5 gün davam edəcək və yekun tədbirdə fəal iştirak edən məktəbdənkənar təhsil müəssisələri, dərnək rəhbərləri və şagirdlər təltif olunacaqlar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti