Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika dərnəklərinin fəaliyyətinə, 2020-2021-ci tədris ilindən isə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılmış, bu məqsədlə ötən müddət ərzində “STEAM Tədris Mərkəzi”, 4 məktəbdənkənar və 11 ümumi təhsil müəssisəsində STEAM kabinələri yaradılmışdır. Hazırda əlavə olaraq 38 məktəbdə kabinələrin yaradılması istiqamətində işlər görülür.
STEAM təlim metodunun tətbiqi ilə bağlı dərsliklər hazırlanmış, müəllim hazırlığına başlanılmışdır. Ötən müddət ərzində 200-dən çox müəllimə təlimlər keçirilmişdir.
Təhsil Nazirliyi müəllim-mütəxəssislərin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı beynəlxalq təcrübəyə malik peşəkar heyət tərəfindən də təlimlərin keçirilməsini diqqətdə saxlayır. Bu məqsədlə iyunun 1-də Heydər Əliyev adına tam orta məktəbdə yaradılmış “STEAM Tədris Mərkəzi”ndə beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun direktoru, dosent Şəmil Sadıq və “Hədəf” Şirkətlər Qrupunun icraçı direktoru İbrahim Qasımov tərəfindən müəllimlərə “STEAM və müasir təlim yanaşmaları” mövzusunda təlim keçirilmişdir.
Təlimdə müəllimlərə STEAM metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və s. bu kimi istiqamətlərdə praktik biliklər verildi, müəllimlərə STEAM dərslərində şagirdləri yeniliklərə istiqamətləndirmələri, həmçinin şagirdlər tərəfindən layihə məhsullarının hazırlanması zamanı effektiv üsullar və innovativ yanaşmalarla bağlı metodlardan nümunələr göstərildi, müəllimləri maraqlandıran suallar cavablandırıldı. Təlimçilər tərəfindən “STEAM Tədris Mərkəzi”nə ibtidai siniflər üçün kodlaşdırma sistemi avadanlığı və maşın robot hədiyyə olundu.
STEAM dərslərini tədris edəcək müəllimləri yetişdirmək, onları bu istiqamətdə peşəkar inkişafa sövq etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən gələcəkdə də bu cür təlimlərin davam etdirilməsi planlaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti