2 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib. Tədbirin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır.
Daha sonra Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Məhəmmədəli Rəhimov birinciliyin qaydaları haqqında komandalara məlumat verərək və onlara uğurlar arzulayıblar. Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 11 komanda iştirak edib. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən 17 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 3 nömrəli tam orta məktəbin komandası II yerə, 5 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Sonda qalib komandalara və komanda üzvlərinə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları, federasiyanın isə kubok və hədiyyələri təqdim edilib.