İyunun 4-də Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində dərnək üzvlərinin iştirakı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir.
Əvvəlcə Mərkəzin dərnək rəhbəri Türkanə Əhmədova çıxış edərək aksiyanın əhəmiyyəti, yaranması və muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər haqqında dərnək üzvlərinə məlumat vermişdir. Çıxışda qeyd edilmişdir ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faiz təşkil edir. Bu isə hər ilin yaz və payız fəsillərində Naxçıvanda keçirilən iməciliklər və ilboyu yaşıllıqlara qulluq göstərilməsi hesabına mümkün olub.
Vurğulanıb ki, muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin intensiv hal alması fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir.
Sonda dərnək üzvləri Mərkəzin həyətyanı sahəsində olan ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərmiş, təmizlik və suvarma işlərini həyata keçirmişlər.
Aksiyada 20-yə yaxın dərnək üzvü iştirak etmişdir.