9 iyun 2021-ci il tarixdə 4 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər məktəbliləri arasında “Vətəni tanı” İntellektual Oyunu keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 17 tam orta məktəbdən 17 şagird iştirak edib. İntellektual Oyunda müxtəlif rənglərdə göstərilmiş şəhər və rayonları xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Xəritə keçməcəli (pazl) şəklində olmuş və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilmişdir. Şagirdlər xəritədə kiçik hissəcikləri yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlayıb.
Beləliklə intellektual oyunun yekununa əsasən 14 nömrəli tam orta məktəbin şagirdi Kənan Cəfərov xəritəni daha tez tamamlayaraq I yerə, 7 nömrəli tam orta məktəbin şagirdi Aydan Hümbətova II yerə, 12 nömrəli tam orta məktəbin şagirdi Ədalət Əliyev isə III yerə layiq görülüb.
Sonda I, II və III yerləri tutan və fərqlənən şagirdlərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.