İyunun 10-da Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.
Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Beynəlxalq dərəcəli şahmat ustası Emin Hacıyev tərəfindən şagirdlər üçün “oyunun sonluq hissəsi endşpil” mövzusunda keçirilən interaktiv dərsdə şahmat oyunuda sonluqları bilmək və düzgün oynamaq mövzusu haqqında məlumat verdi. Müasir şahmatda güclü şahmatçıların əksəriyyəti sonluğa bərabər vəziyyətdə çıxırlar. Buna görə də qaydaları bilməklə oyunda qalib gəlmək olar.
Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən interaktiv dərsi də Emin Hacıyev aparıb. Dərsdə şahmat oyunun çətin hissəsi olan mittelşpil haqqında məlumat verilib. Şagirdlərin də ən çox çətinlik çəkdiyi mövzu olduğu üçün mittelşpilə aid məsələ həllərinə geniş yer verilməsi lazım olduğu bildirilib. Müəllimləri maraqlandıran suallar ətrafında geniş izah verilib, xüsusilə yarış keçirmək qaydaları haqqında söhbət aparılıb.
Bununla yanaşı saat 15:00-da Şahmat məktəbləri ilə keçirilən interaktiv dərsi Əli Məmmədov keçib. Oyunun orta hissəsinə aid məsələ həlli mövzusunda keçirilən dərsdə oyunun orta hissəsinə aid məsələlər şahmatçılara təqdim olunub, bu məsələləri həll edərkən nəyə daha çox diqqət etmək lazım olduğu şahmatçılara bildirilib. Dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti