Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.
Ümumtəhsil məktəblərinin məzunları arasında peşə təhsilinə marağın artırılması məqsədilə, Şərur Texniki Peşə və Sürücülük Məktəbində 16 iyun 2021-ci il tarixlərdə “Açıq qapı” günləri təşkil olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd şagirdləri peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olmuşdur.
Keçirilən tədbirdə Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərov çıxış edərək “Müasir dövrdə peşə təhsilinin əhəmiyyəti” mövzusunda məktəblilərə məlumat vermişdir.
Həmçinin vurğulanmışdır ki, məktəbdə bazar iqtisadiyyatının tələbinə uyğun peşələr üzrə kadr hazırlığı işi həyata keçirilir və ya gənclər ixtisasartırma kurslarına cəlb olunaraq çalışdığı peşə sahəsinin sirlərini daha dərindən mənimsəyirlər. Eyni zamanda kursa cəlb olunan işsiz vətəndaşlara aylıq təqaüd verilir. Kursu müvəffəqiyyətlə başa vuran müdavimlər isə müvafiq sertifikatla təmin olunurlar.
Tədbirin davamı olaraq Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri məktəbin elektron lövhə sinifləri, kompüter otağı, emalatxanalar, yataqxana, yeməkxana və kitabxana ilə tanış olmuş, həmçinin kurslarda nəzəri və praktik dərslərin tədrisi prosesində iştirak etmiş, Elektrik və Rabitə montyoru, Xalça, Qaz çilingəri, Bərbər, Aşpaz və s. emalatxanalarda yaradılan şəraitlə, burada olan avadanlıqlarla tanış olmuşlar. Onlara gələcəkdə fəaliyyətə başlaması nəzərdə tutulan yeni peşə ixtisasları haqqında ilkin məlumat verilmişdir.
Tədbir şagirdlər tərəfindən böyük rəğbətlə qarşılanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti