Orta ixtisas təhsili iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını təmin edir. Bu amil nəzərə alınaraq Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığı işinin müasir dövrün çagırışlarına uyğun hazırlanması istiqamətində mühüm işlər və müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq iyunun 18-də Naxçıvan Dövlət Kollecinin məzunları ilə görüş keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun və maddi-texniki bazanın yaradılması təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı isə təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası ixtisaslı kadr hazırlığının inkişafına səbəb olub.
Qeyd olunmuşdur ki, 486 tələbənin təhsil aldığı Naxçıvan Dövlət Kollecində kadr hazırlığının yüksək səviyyədə aparılması, tələbələrin aldıqları nəzəri bilikləri təcrübə sahəsində həyata keçirmələri üçün hərtərəfli şərait yaradılmışdır. Belə ki, kollecdə tədrisin yüksək səviyyədə tədrisi üçün 15 elektron lövhəli sinif və 3 kompüter otağı, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, 10 fənn kabinəsi fəaliyyət göstərir. Bildirilmişdir ki, kollecdə əmək bazarının tələbatına uyğun hazırda 8 ixtisas üzrə kadr hazırlığı aparılır. 2021-2022-ci tədris ilindən isə Kollecin qəbul planında dəyişiklik edilmiş, 5 yeni ixtisas – “Telekommunikasiya və komputer sistemlərinin informasiya təhlükəsizliyi”, “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Lokomotiv və elektrik qatarı təsərrüfatı”, “Bələdiyyə işi” və “Aqrar təsərrüfatın təşkili” ixtisasları olmaqla ümumilikdə 10 ixtisas üzrə Kollecdə kadr hazırlığı aparılacaqdır. Muxtar respublikanın əmək bazarı və tələbatı nəzərə alınmaqla açılan yeni ixtisaslar hesabına qəbul planı 158-dən 183-ə qədər artırılmışdır.
Təhsil naziri qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli Qərarına əsasən subbakalavrlar ölkə ərazisində yerləşən ali təhsil müəssisələrinə müsabiqədənkənar, qəbul imtahanı vermədən daxil olmaq hüququna malikdirlər. Buna uyğun olaraq, son iki ildə kollecin məzunlarından 115-i müsabiqə şərtlərini ödəyərək ali təhsil müəssisələrinə qəbul olmuşlar.
Naxçıvan Dövlət Texniki Kolleci orta ixtisas təhsili müəssisəsi kimi muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Buna görə də nazir Naxçıvan Dövlət Texniki Kollecində tədrisin keyfiyyətinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının vacibliyindən də danışdı. Bildirildi ki, hazırda muxtar respublika təhsilində innovasiyaların tətbiqinə geniş yer verilir. Buna görə də kollecdə STEAM kabinəsi qurulacaq, yeni açılan ixtisaslar üzrə müasir fənn kabinələri yaradılacaqdır.
Təhsil naziri kollecin məzunlarını 2020-2021-ci tədris ilini başa vurmaları münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov Naxçıvan Dövlət Texniki Kollecinin 2020-2021-ci tədris ilindəki fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, tədris ilində Kollecdə nizam-intizam və təlim-tərbiyə məsələləri diqqətdə saxlanılmış, hami təşkilatlarla sıx əməkdaşlıq yaradılmış, tələbələrin peşəkar kadr kimi formalaşmaları üçün bu təşkilatlarda təcrübə keçmələri təmin edilmişdir. Bununla yanaşı, tələbələrin ictimai tədbirlərdə, ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən müxtəlif səpkili müsabiqə, bilik və idman yarışlarında iştirakı təmin edilmiş, uğurlu nəticələr qazanılmışdır.
Tədbirdə kollecin məzunları – IV kurs Baytarlıq ixtisası üzrə tələbə Hikmət Yusifzadə, IV kurs Rabitə qovşaqları və kommunikasiya ixtisası üzrə tələbə Bahar Novruzlu çıxış edərək, onların yaxşı təhsil almaları, ixtisaslı kadr kimi formalaşmaları üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirdilər.
Təhsil naziri 2020-2021-ci tədris ilində fərqlənən bir qrup müəllim və tələbəyə diplomlar təqdim etdi. Sonra Naxçıvan Dövlət Texniki Kollecinin 2020-2021-ci tədris ilində müxtəlif müsabiqə, bilik və idman yarışlarında qazandıqları nailiyyətlərdən ibarət sərgiyə baxış oldu. Bildirildi ki, tədris ili ərzində kollecin tələbələri müxtəlif dram müsabiqələrində, intellektual oyunlarda, idman yarışlarında, rəsm müsabiqələrində iştirak edərək uğurlar qazanıblar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin Mətbuat Xidməti