2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin STEAM təhsili üzrə təlimlərə cəlbi diqqətdə saxlanılır. May-iyun aylarında təşkil olunan növbəti təlimlər başa çatıb. İyunun 21-də təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən pilot olaraq muxtar respublikanın 15 təhsil müəssisəsində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu təhsil müəssisələrində STEAM kabinələri yaradılıb və zəruri avadanlıqlarla - 3D printerlərlə, mikrobit, arduino setləri və digər öyrədici qurğularla təchiz edilmişdir. Tədrisin yüksək səviyyədə təşkili üçün dərsliklər və tədris proqramı hazırlanmışdır.
Nazir bildirmişdir ki, STEAM təhsil metodunun tətbiq edildiyi məktəblərdə artıq şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Qısa müddətdə tətbiqinə baxmayaraq, şagirdlər tərəfindən 100-dən çox STEAM və Robototexnika layihələri hazırlanmış və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Texnosərgidə nümayiş etdirilmişdir.
Rəhman Məmmədov qeyd etmişdir ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılacaq, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək, hər il “STEAM təhsil festivalı” keçiriləcəkdir. Bütün bunlar isə muxtar respublika gəncliyinin XXI əsrin çağırışları əsasında formalaşmasına böyük töhfə verəcəkdir.
Təhsil naziri STEAM təhsil metodunun uğurlu tətbiqi üçün müəllim kadrların hazırlanmasının əhəmiyyətindən də danışmışdır. Bildirilmişdir ki, Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq müəllim hazırlığı diqqətdə saxlanılır. Bu günə qədər 100 müəllim bu Mərkəzdə, 150 müəllim isə onlayn qaydada olmaqla 250 müəllim təlimlərdən yararlanıb. Təlimlər zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib, onlarda STEAM dərslərini tədris etmək bacarığı formalaşdırılıb.
Təhsil naziri qeyd edib ki, novbəti təlimləri 40 müəllim uğurla başa vuraraq sertifikatla təmin olunur. Nazir təlimi uğurla başa vuran müəllimləri təbrik etmiş, STEAM Tədris Mərkəzində təlimlərin bundan sonra da davam etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Rəhman Məmmədov muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi üçün yaratdığı əlverişli şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.
Sonra STEAM Tədris Mərkəzinin təlimçisi Fuad Babayev mərkəzdə təşkil olunan təlimlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, mərkəzdə ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələr üçün də təlimlər təşkil edilmişdir. Bununla yanaşı müəllimlərin də hazırlığında yeni yanaşmalar tətbiq edilir, STEAM təhsili üzrə peşəkarlığın artırılması məqsədilə ilk dəfə olaraq “STEAM Tədris Mərkəzi”ndə beynəlxalq təlimlərdə iştirak etmiş “Hədəf” Şirkətlər Qrupunun əməkdaşları tərəfindən “STEAM və müasir təlim yanaşmaları” mövzusunda təlim keçirilmişdir. Təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin də müəllimləri cəlb olunmuşdur. Növbəti təlimləri 40 müəllim uğurla başa vurmuşdur.
Sonra STEAM təhsil metodu üzrə təşkil olunan növbəti təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin Mətbuat Xidməti