11 iyun 2021-ci il tarixdən Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan “Açıq qapı” günlərinə Naxçıvan şəhər, Şərur və Babək məktəblilərindən sonra bu dəfə isə Ordubad, Culfa və Kəngərli rayon məktəblərinin IX sinfini bitirmiş məzunlar cəlb olunmuşlar.
Tədbirdə məktəblilər orta ixtisas təhsili haqqında məlumatlandırılmış, Naxçıvan Dövlət Texniki Kollecinin təhsil mühiti ilə yaxından tanış olmuş, kollecdə kadr hazırlığı aparılan ixtisaslar barədə maarifləndirilmişlər. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbəsinin əməkdaşı Elnur Qasımov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək “Orta ixtisas təhsilinin əhəmiyyəti” mövzusunda məktəblilərə məlumat vermişdir.
Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunan Naxçıvan Dövlət Texniki Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Muxtar respublika rəhbərinin qayğısı ilə kollec üçün ayrılmış yeni bina əsaslı yenidənqurmadan sonra 10 oktyabr 2016-cı ildə müəllim və tələbələrin istifadəsinə verilmişdir. Naxçıvan Dövlət Texniki Kolleci orta ixtisas təhsili müəssisəsi kimi muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Hal-hazırda kollecdə 8 ixtisas – Mühasibat uçotu, Bank işi, Rabitə qovşaqları və kommunikasiya sistemləri, Baytarlıq, Yol hərəkətinin təşkili, Nəqliyyatda daşımaların təşkili, Elektrik təchizatı, İstilik təchizatı və istilik texnikası avadanlıqları üzrə kadr hazırlığı aparılır. 2020/2021-ci tədris ili üçün Rabitə qovşaqları və kommunikasiya sistemləri, Yol hərəkətinin təşkili, Nəqliyyatda daşımaların təşkili ixtisasları ləğv olunaraq, Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi, Nəqliyyat vasitələrinin texniki istismarı, Lokomotiv və elektrik qatarı təsərrüfatı, Bələdiyyə işi, Aqrar təsərrüfatın təşkili ixtisasları üzrə qəbul aparılacaqdır. Bununla da kollecə qəbul aparılan ixtisasların sayı 10-a yüksələcəkdir.
Həmçinin o da qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsinə uyğun olaraq, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmədən, müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. Ötən tədris ilində kollecin məzunlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu Qaydaları”nda göstərilən formaya uyğun, subbakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi barədə 140 arayış təqdim olunmuşdur. Arayış təqdim olunan subbakalavrlardan 73-ü ölkənin müxtəlif ali təhsil müəssisələrinin uyğun ixtisaslarına qəbul olmuşlar.
Tədbirin davamı olaraq şagirdlər əyani olaraq Kollecdə fənn kabinələri, laboratoriyalar, elektron lövhəli siniflər, kompüter otaqları və kitabxana ilə tanış olmuş və onları maraqlandıran lazımi məlumatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti