2020/2021-ci tədris ilindən muxtar respublikamızda STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci iltarixli Sərəncamı bu sahədə görülən işləri sürətləndirmişdir. Bu işlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM yay məktəbi” təşkil olunub.
İyulun 13-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra növbəti “STEAM yay məktəbi”nin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov “STEAM yay məktəbi”nin açılış tədbirində çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də STEAM təhsil metodudur.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın təhsil müəssisələrində pilot olaraq STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri STEAM təhsil metodunun tətbiqinin əhəmiyyətini, şagirdlərin bilik və bacarıqlarının aşkarlanması və inkişaf etdirilməsindəki rolunu nəzərə alaraq “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” iyunun 7-də Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq təsdiq olunmuş Tədbirlər Planının icrası istiqamətində işlər davam etdirilir.
Ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinin əhəmiyyətindən danışan Ovni Muradov qeyd etmişdir ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “STEAM yay məktəbi” təşkil olunur. Nazir müavini 4 günlük təşkil olunmuş növbəti “STEAM yay məktəbi”nin iştirakçılarına uğurlar arzulamışdır.
Qeyd edək ki, yay məktəbi iyulun 16-dək davam edəcəkdir. Yay məktəbində şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcəkdir. Təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən “STEAM yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti