İyulun 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı kollegiya iclası keçirilib. Kollegiyada Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2021-ci ilin birinci yarısında da davam etdirilmiş, Şərur rayon Şəhriyar, Ordubad rayon Nüsnüs və Ordubad şəhər 1 nömrəli tam orta məktəblərin binası yenidən qurularaq istifadəyə verilmiş və Ordubad rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılmışdır. Hazırda da 10 təhsil müəssisəsində binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.
Qeyd olunmuşdur ki, hesabat dövründə müəllim nüfuzunun artırılması, eləcə də onların fəaliyyətinin stimullaşdırılması diqqətdə saxlanılmış, səmərəli fəaliyyətlərinə görə iki müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunublar. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Təhsil naziri qeyd etmişdir ki, 2021-ci ilin birinci yarısı təhsildə tətbiq edilən innovasiyalarla yadda qalmışdır. Belə ki, Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmiş, 2021-ci ilin yanvar ayının 1-dən etibarən Televiziya və Radio Verilişləri Redaksiyası muxtar respublikada həyata keçirilən təhsil siyasətinə, təhsil quruculuğuna, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsinə yönəlmiş televiziya və radio proqramlarının yayımına başlamışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin STEAM təhsil metodunun muxtar respublikada tətbiqi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 15 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış və kabinələr zəruri avadanlıqlarla təchis edilmiş, ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilib.
Təhsil naziri bildirmişdir ki, bu işlərin davamı olaraq 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 38 ümumtəhsil məktəbində və Naxçıvan Dövlət Texniki Kollecində STEAM kabinələrinin yaradılması üçün lazımi STEAM avadanlıqlarının sifarişi verilmiş, ümumtəhsil məktəblərinin 60 şagirdi üçün “STEAM yay məktəbi” təşkil edilmişdir.
Təhsil naziri təhsildə aparılan yeni struktur dəyişikliklərindən də danışaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 19 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilmişdir. Bununla yanaşı hesabat dövründə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 186 idman klubu yaradılmış, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanmışdır.
Təhsil Nazirliyi tərəfindən müəllimlərin nəzəri-metodik hazırlığının, eləcə də praktiki bacarıqlarının təkmilləşdirməsi, onların peşəkarlıq səviyyəsinin artırılması diqqətdə saxlanılmış, 5412 müəllim sertfikasiyaya, 687 müəllim isə müxtəlif təlim, konfrans və kurslara cəlb olunmuş, məllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə uğurlu nəticə göstərən 47 müəllim işlə təmin edilmiş, 2021-2022-ci tədris ili üçün 214 yer müsabiqəyə çıxarılmışdır. Dərsliklərin təkmilləşdirilməsi üzrə aparılan müzakirələrdə 75 təklif qeydə alınmış, 454 tələbənin pedaqoji təcrübədə iştirakı təmin edilmişdir. Ümumtəhsil məktəblərində 1169 saat nümunəvi dərs, AMEA Naxçıvan Bölməsi, muzeylər və Şahmat Mərkəzi ilə ümumilikdə 37 interaktiv dərs tədris olunmuş, “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilmişdir.
Təhsil naziri qeyd etmişdir ki, 2021-ci ilin birinci yarısında VI və VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələri, IX və XI sinif şagirdləri arasında isə Respublika fənn olmipiadaları keçirilmişdir. Respublika fənn müsabiqəsində 6-sı I yer, 12-si II yer, 18-i isə III yer olmaqla 36 şagird, Respublika fənn olimpiadasında isə 5-i I yer, 13-ü II yer, 8-i III yer olmaqla 26 şagird qalib olmuşdur.
Buraxılış imtahanlarının nəticələri haqqında da danışan Təhsil naziri qeyd etmişdir ki, muxtar respublika şagirdləri buraxılış imtahanlarında fəallıq göstərmiş, uğurlu nəticə göstərmişlər. Belə ki, 200 baldan yuxarı nəticə göstərən məzunların sayı ötən ilə nisbətdə XI sinif üzrə 18 faiz, IX sinif üzrə isə 30 faiz artmışdır. Tədrisdə və burxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 17-si Qızıl, 17-si Gümüş nişana, 41-i isə Fərqlənmə attestatına, IX siniflər üzrə isə 123 şagird Fəqlənmə attestatına layiq görülmüşdür.
2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərinin XI sinfini bitirmiş 2882 məzundan 2470-i, yaxud 86 faizi ali təhsil müəssisələrinə, 225-i, yaxud 8 faizi isə orta ixtisas təhsili müəssisələrinə olmaqla ümumilikdə məzunların 94 faizi sənəd vermişdir.
Təhsil naziri 2021-ci ilin birinci yarımili ərzində buraxılmış nöqsanlardan, onların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra məruzə ətrafında Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Nicat Rzayev və Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov çıxış etmişlər. Çıxışlardan sonra Təhsil nazirinin müavini Ovni Muradov Kollegiyanın Qərarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Təhsil naziri yekun vuraraq bildirmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri bütün aidiyyəti orqanlar kimi Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyaraq demişdir: “Təhsil Nazirliyi təhsil müəssisələrində maddi-texniki bazadan və yaradılan tədris imkanlarından düzgün istifadə etməli, müəllimlərin ixtisas və peşə biliklərinin artırılması davam etdirilməli, STEAM təhsil metodunun tətbiqi bu ilin sonunadək başa çatdırılmalıdır”
Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə 2021-ci ildə təhsil müəssisələrində dərsin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, ümumtəhsil məktəblərində STEAM təhsilinin tətbiqi və bu istiqamətdə kadr hazırlığının davam etdirilməsi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, məktəbin idarə edilməsi, məktəbdaxili nəzarətin təşkili, interaktiv dərslərin təşkili, laboratoriyalardan, elektron lövhələrdən səmərəli istifadə, peşə məktəbləri və peşə liseyində yeni ixtisaslar üzrə kadrların hazırlanmasına diqqəti daha da artıracaqdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti