Tədbirdə çıxış edən Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev fərqlənmə atestatı alan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.
Bildirildi ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində rayonda fəaliyyət göstərən 25 tam orta təhsil müəssisəsinin hamısı və 5 məktəbdənkənar təhsil müəssisəsindən 4-ü yenidən tikilmiş və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunubdur.
Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılmışdır. Muxtar respublikada təhsil sahəsində aparılan dövlət siyasətinin nəticəsidir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım tempi müşahidə olunmuşdur.
Vurğulanmışdır ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş medalla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu ildə rayonun tam orta təhsili bitirən məzunlardan 1-i qızıl, 5-i gümüş nişana, 6-ı fərqlənmə, ümumi orta təhsili bitirən məzunlardan 14-ü fərqlənmə isə attestatına layiq görülüb.
Təqdimat mərasimində Culfa şəhər 2 nömrəli tam orta məktəbin məzunu Quliyeva Nurlana Namiq qızı, Camaldın kənd tam orta məktəbin məzunu Seyidzadə Səməngül Mirqasım qızı ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq təltif olunan məzunlar adından çıxış edərək daha yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd etmiş və yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinə məzunlar adından minnətdarlıq bildirmişlər.
Sonra Culfa Rayon Təhsil Şöbəsinin müdiri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara atestatları təqdim etdi.