Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yay tədbirlər planına əsasən avqustun 2-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı bədii qiraət dərnəyinin üzvləri arasında şeir müsabiqəsi təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev bu günün önəmindən və dilimizin tarixindən tədbir iştirakçılarına məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dilimizin təkmilləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımlar atılmış, 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçilməsi ilə bağlı fərman imzalayıb. Elə həmin il avqustun 9-da imzaladığı digər fərmana görə isə avqustun 1-i ölkədə Azərbaycan Əlifbası və Dili Günü elan edilib. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Müsabiqədə bədii qiraət dərnəyinin 30 fəal üzvü iştirak etmiş və mövzuya uyğun şeirləri bədii qiraət edərək kompozisiyalarla çıxış etmişlər. Sonra dərnək üzvlərinin çıxışları müsabiqənin şərtləri gözlənilməklə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə, müsabiqənin nəticələrinə görə 1-I yer, 2-II yer, 3-III yer və həvəsləndirici yerlər müəyyən olunub.
Sonda yer tutan və müsabiqədə fəal iştirak edən dərnək üzvlərinə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin diplomları təqdim edilib.