Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə hər il iyul-avqust ayları tələbə və şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə “STEAM yay məktəbi”nin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planının icrası məqsədilə ilk olaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 60 şagirdi üçün 6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə “STEAM yay məktəbi” təşkil edilmişdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq avqust ayının 3-dən tələbələr üçün təşkil edilən “Yay məktəbi”nin də proqramına STEAM təhsili üzrə mövzular daxil edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən 46 tələbəyə Təhsil Nazirliyinin STEAM üzrə təlimçiləri tərəfindən proqrama uyğun layihə əsaslı dərslər keçirilmişdir.
Dərslərdə tələbələrə STEAM metodologiyaları, arduino və proqramlaşdırma modulu, mikrobit platforması, 3D modelləşdirmə, 3D çap, lego modellerindən robotların hazırlanması və mühəndislik dizayn həlləri və digər bu kimi istiqamətlərdə praktik biliklər verilmişdir. Dərs zamanı təlimçi müəllim Rəhman Səfərov STEAM layihələrinin tətbiqində əsas kompanentlərdən olan arduino mikrokontrol platformasından istifadə barədə məlumat verib. İzah olunub ki, arduino STEAM dərslərində istifadə olunan interaktiv layihələr hazırlamaq üçün hazırlanmış elektron bir cihaz və proqram təminatlı inkişaf platformasıdır. Bununla layihənin proqramlaşdırmasını və mexaniki tərəfini hazırlamaq mümkündür.
Təlimçi müəllim daha sonra praktiki olaraq tələbələrə arduino layihə dəstində analoq və rəqəmsal pinlərdən, əlaqəli sensor vasitələrindən istifadə edərək, alqoritmlər quraraq müxtəlif robotlar, elektron sistemlər, avtomatlaşdırma və ağıllı sistemlər, uzaqdan idarə olunan nəqliyyat vasitələri, geyilə bilən texnologiya layihələri və digər layihələrin arduino ilə tətbiq edilə biləcəyini göstərib.
Sonda tələbələr arduino ilə hazırladıqları layihəni təqdim ediblər. “Yay məktəbi”ndə növbəti STEAM dərsləri avqustun 10-u, 17-si, 24-ü davam edəcək.