Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin Yay Tədbirlər Planına uyğun olaraq Qıvraq qəsəbə Mərkəzi Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət futbol idman klubları arasında rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd rayonda futbolun inkişafına dəstək olmaq, böyüməkdə olan gənc nəsli sağlam ruhda tərbiyə etmək, futbol idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək, gənclərin idmana olan marağını daha da artırmaq, onlar arasında dostluq əlaqələrini möhkəmləndirməkdən ibarət olub.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev öz çıxışında bildirib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir. Eyni zamanda bölgədə gənclərə və idmana göstərilən dövlət qayğısından, idman sahəsində qazanılan uğurlardan, idmanın kütləviliyinin təmin olunması, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən də danışıb.
Sonra yarış start verilib. Oyunda 8 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən oyunda Xok kənd tam orta məktəbi I, Qarabağlar kənd 2 nömrəli tam orta məktəb II, Qarabağlar kənd 1 nömrəli tam orta məktəb III, Yurdçu kənd tam orta məktəbi isə həvəsləndirici yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.