Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində rəsm dərnəyinin üzvlərinə “Təsviri sənətin janrı – natürmort” mövzusunda ustad dərs təşkil edilib.
Ustad dərsdən əvvəl çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərov bildirib ki, milli mədəniyyətimiz və incəsənətimizlə yanaşı, uşaqları ümumbəşəri mədəniyyəti, dünya xalqlarının yaratdığı bədii sənət əsərlərini, təsviri incəsənət nümunələrini öyrənməyə, qavramağa, mənimsəməyə hazırlamaq əsas məsələlərdəndir. Qeyd edib ki, bugünkü dərsin əsas məqsədi uşaqları bu sənətə düzgün istiqamətləndirmək, təsviri incəsənətin əsasını təşkil edən rəssam fikrinin, hislərinin, təsəvvürlərinin və ətraf aləmə münasibətinin obrazlı ifadəsi haqqında onları məlumatlandırmaqdır. Vurğulayıb ki, məktəblərdə fəaliyyət göstərən rəsm dərnəkləri də uşaqların bacarıq və qabiliyyəti, istedadı aşkar etmək baxımından əhəmiyyətlidir.
Dərsi Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müəllimi Kübra Hümbətova aparıb. O qeyd edib ki, natürmort fransızca “cansız təbiət” deməkdir. Bu janra daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: məişətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə və s. təşkil edir. Bu janrda da əsl rəssam dövrünün ruhunu, öz hiss və duyğularını çox gözəl ifadə edə bilər.
Vurğulayıb ki, rənglər yerində və düzgün istifadə olunarsa gözəl sənət nümunələri yaratmaq olar. Bu sənətin dərinliklərinə yiyələnən hər bir şəxs təkcə nəzəri biliklərlə kifayətlənməməli, ustad dərslərində öyrəndiklərini rəsm işləyərkən tətbiq etməlidir.
Diqqətə çatdırıb ki, ilk olaraq rəsm dərsləri natürmortdan başlamalı, sonra daha mürəkkəb təsvirlərə keçilməlidir. Şagirdin istedadını, bilik və qabiliyyətini üzə çıxarmaq üçün natürmort aydın olmalı, maraqlı və məqsədli qurulmalıdır.
Ustad dərsin sonunda rəsm dərnəyinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.