Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyənləşdirilməsi və şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.
Tədbiri giriş sözü ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bütün şahmatçıları “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Vurğulanıb ki, məktəblilər arasında şahmatın təbliği və inkişafı məqsədilə məktəbdaxili, rayonlararası və rayon birinciliyi səviyyəsində yarışlar təşkil olunur.
Yarışda rayonun ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsil alan 24 şahmatçı iştirak edib. Yarış “İsveçrə” sistemi ilə şəxsi birincilik formasında keçirilib. Yekun nəticəyə görə, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Anar Cəfərli I, Qabıllı kənd tam orta məktəbin şagirdi Uğur Əsgərov II, Yurdçu kənd tam orta məktəbinin şagirdi Mais Abbasov isə III yerdə qərarlaşıb.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.