Muxtar respublikada şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına yüksək qayğı göstərilir. Bu gün Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri fəaliyyət göstərir ki, həmin məktəblərin hamısı müasir üslubda tikilmiş, yüksək maddi texniki bazaya malik binalarda yerləşirlər. Bunlarla yanaşı ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün də siniflər ayrılmış, məktəblər şahmat dəstləri ilə təmin edilmişdir. Ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik və dərs vəsaiti tələbatını təmin etmək üçün Şahmat Federasiyası tərəfindən “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq məktəblərə paylanılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən sertifikasiyalarda uğurlu nəticə göstərən 505 müəllimə ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat təqdim edilib.
Yaradılan şəraitdən səmərəli istifadə edərək mütəmadi olaraq muxtar respublikanın təhsil müəssisələrində şahmatı tədris edən müəllimlər arasında müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri, tempo yarışları, müxtəlif beynəlxalq yarışlar keçirilir. Bu tədbirlərin davamı olaraq avqustun 12-də Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Gənclər Günü münasibətilə məktəblərdə şahmat fənnini tədris edən gənc müəllimlər arasında muxtar respublika birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd müəllimlər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkara çıxarmaq, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdir. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə muxtar respublikadan 50 gənc müəllim iştirak edib.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin Mətbuat xidməti