Salam, hörmətli redaksiya!
Bu məktubu yazmaqda məqsədim Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “STEAM yay məktəbi”ndə iştirakımla bağlı təəssüratlarımı bölüşməkdir. Onu deyim ki, buraya seçildiyimi öyrənəndə çox sevindim. İlk dəfə iştirak etdiyim bu məktəbdə çoxlu dostlar qazandım, vaxtım çox maraqlı və əyləncəli keçdi. Digər məktəb şagirdləri ilə birgə iştirak etdiyim intellektual və idman oyunları, baxdığımız filmlər vaxtımızı səmərəli keçirməklə yanaşı, biliyimizin zənginləşməsində də mühüm rol oynadı. Bu məktəbdə STEAM təhsili üzrə indiyədək öyrəndiklərimizi ümumiləşmiş formada yenidən tətbiq etdik.
Yaradıcı və düşüncə qabiliyyətimizi artırmağa kömək edən qrup şəklində təşkil edilən dərs prosesində təlimçi-müəllimlərimizin köməyi ilə yeni texnologiyalarla işlədik, STEAM metodologiyalarını, 3D modelləşdirməni, robotların hazırlanmasını, müxtəlif proqramlaşdırma modullarını öyrəndik. Orada 3D qələmlə STEAM-ın maketini hazırladım. Təlimi uğurla başa vurduğum üçün təşkilatçılar tərəfindən mənə sertifikat verildi. STEAM dərslərində öyrəndiklərimin gələcəkdə çox faydalı olacağına inanıram. Bu məktəbi təşkil edənlərə məktub vasitəsilə çox sağ olun deyir, yenidən “STEAM yay məktəbi”ndə iştirak etməyi arzu edirəm.
Rəvan QULUZADƏ
Ordubad rayonu, Unus kənd tam
orta məktəbinin VII sinif şagirdi