Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə “12 avqust- Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol idman klubları arasında rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, istedadlı oyunçuların üzə çıxarılması, idmana olan marağın artırılması, şagirdlər arasında bu idman növünün təbliğ edilməsidir.
Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev bildirib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir. O, çıxışında bölgədə gənclərə və idmana göstərilən dövlət qayğısından, idman sahəsində qazanılan uğurlardan, idmanın kütləviliyinin təmin olunması, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən də danışıb. Sonra voleybol yarışına start verilib.
Keçirilən birincilikdə 8 komanda qalib olmaq uğrunda mübarizə aparıb. Gərgin və maraqlı keçən oyunda Çalxanqala kənd tam orta məktəbi I, Şahtaxtı kənd tam orta məktəbi II, Yurdçu kənd tam orta məktəbi III, Böyükdüz kənd tam orta məktəbinin komandası isə həvəsləndirici yerə layiq görülüb.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.