Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə hər il iyul-avqust ayları tələbə və şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə “STEAM yay məktəbi”nin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planının icrası məqsədilə ilk olaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 60 şagirdi üçün 6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə “STEAM yay məktəbi” təşkil edilmişdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq avqust ayının 3-dən tələbələr üçün təşkil edilən “Yay məktəbi”nin də proqramına STEAM təhsili üzrə mövzular daxil edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən tələbələrə Təhsil Nazirliyinin STEAM üzrə təlimçiləri tərəfindən proqrama uyğun layihə əsaslı dərslər keçirilmişdir.
Dərslərdə tələbələrə STEAM metodikası ilə bağlı ümumi məlumat və mikrobit platforması və proqramlaşdırma modulu, mikrobitlə STEAM layihələrinin hazırlanması və digər bu kimi istiqamətlərdə praktik biliklər verilmişdir. Dərs zamanı təlimçi müəllim Ceyran Məmmədova STEAM layihələrinin tətbiqində əsas kompanentlərdən biri sayılan mikrobit platformasından istifadə barədə məlumat verib. İzah olunub ki, mikrobitlə STEAM dərslərində interaktiv layihələr hazırlamaq və proqram təminatını asanlıqla öyrənmək mümkündür.
Təlimçi müəllim daha sonra praktiki olaraq tələbələrə mikrobit layihə dəstində analoq və rəqəmsal pinlərdən, əlaqəli sensor vasitələrindən istifadə edərək, elektron sistemlər, avtomatlaşdırma və ağıllı sistemlər, uzaqdan idarə olunan digər layihələrin tətbiq edilə biləcəyini göstərib.
Sonda tələbələr mikrobit ilə hazırladıqları layihəni təqdim ediblər. “Yay məktəbi”ndə növbəti STEAM dərsləri avqustun 24-ü keçiriləcək.