Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə hər il iyul-avqust ayları tələbə və şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə “STEAM yay məktəbi”nin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planının icrası məqsədilə ilk olaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 60 şagirdi üçün 6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə “STEAM yay məktəbi” təşkil edilmişdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq avqust ayının 3-dən tələbələr üçün təşkil edilən “Yay məktəbi”nin də proqramına STEAM təhsili üzrə mövzular daxil edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən tələbələrə Təhsil Nazirliyinin STEAM üzrə təlimçiləri tərəfindən proqrama uyğun layihə əsaslı dərslər keçirilmişdir.
Dərsdə kursantlara STEAM metodikası ilə bağlı ümumi məlumat və mikrobit platforması və proqramlaşdırma modulu, lego təhsil dəstindən STEAM layihələrinin hazırlanması və digər istiqamətlərdə praktik biliklər verilmişdir. Dərs zamanı təlimçi müəllim Elmin Əsgərov STEAM layihələrinin tətbiqində uşaq və gənclərdə mühəndislik, dizayn, kodlaşdırma bacarıqları formalaşdıran lego və mikrobit platformasından istifadə barədə məlumat verib. İzah olunub ki, STEAM dərslərində lego təhsil və mikrobit dəstləri interaktiv layihələr hazırlamaq, proqram təminatını asanlıqla öyrənmək mümkündür.
Təlimçi müəllim daha sonra praktiki olaraq kursantlara lego və mikrobit layihə dəstində əlaqəli sensor vasitələrindən istifadə edərək, elektron ağıllı sistemlər, uzaqdan idarə olunan digər layihələrin tətbiq edilə biləcəyini göstərib.
Sonda kursantlar modellərdən və mikrobit platformasından hazırladıqları layihəni təqdim ediblər. Ali və orta ixtisas təhsili tələbələr, kursantlar üçün “Yay məktəbi” mövzusunda keçirilən STEAM dərslərinə yekun vurulub.