24 avqust 2021-ci il tarixdə Ordubad Rayon ümumtəhsil məktəblərindən 60-a yaxın şagirdin Ordubad Rayon məktəbdənkənar təhsil müəssisələrinə innovativ dərnəklərlə tanışlıq məqsədilə ekskursiyası təşkil olunmuşdur.
Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.
Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texologiyaları və milli dəyərləri əhatə edir. Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, gimnastika, rəsm, xalçaçılıq, bujiteriya, ebru sənəti, ingilis dili, bədii tikmə, toxuculuq və bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Texniki Yaradıcılıq Mərkəzində isə robotexnika, kompüter mühəndisliyi və STEAM, mental-aritmetik, memarlıq-dizayn, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə, heykəltəraşlıq, dulusçuluq, qum sənəti dərnəkləri yaradılmışdır. Ekskursiya müddətində Uşaq Yaradıcılıq mərkəzinin direktoru Nicat Qafarov və Texniki Yaradıcılıq mərkəzinin direktoru Rafiq Qurbanov şagirdlərə mərkəzlərin fəaliyyəti haqqında məlumat vermiş, dərək rəhbərləri isə dərnəklərdə görülən işlərlə şagirdləri tanış etmişdir. Şagirdlərdə innovativ dərnəklərə maraq yüksəkdir.