• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün569
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14300
mod_vvisit_counterBu ay19304
mod_vvisit_counterÜmumi2960115

Tarix: 11 Yan., 2025

Bir məktəbin tarixi

Naxçıvan şəhərində fəaliyyət göstərən, hər zaman öz uğurları ilə seçilən məktəblərdən biri də 8 nömrəli tam orta məktəbdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədləri vərəqlədikdə bu məktəbin 60 il bundan əvvəl fəaliyyətə başlamış Naxçıvan şəhər internat məktəbinin bazası əsasında (1998-ci ildə) yarandığı aydın olur. Tariximizin aynası olan arxiv sənədlərinə nəzər saldıqda məlum olur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 9 aprel tarixli qərarı ilə yeni internat məktəblərinin açılması planlaşdırılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 21 iyul 1959-cu il tarixli qərarında həmin tarixədək Azərbaycanda 1140 nəfəri əhatə edən 7 internat məktəbinin fəaliyyət göstərdiyi qeyd olunurdu ki, bu da respublika əhalisinin tələbatını ödəmirdi. Məhz buna görə 1959-1965-ci illərdə 38 min şagird kontingentindən ibarət internat məktəblərinin açılması nəzərdə tutulurdu. Qərarda 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Əbrəqunus rayonunda I-IV siniflər üçün 120 nəfərlik 17 nömrəli internat məktəbinin açılması da nəzərdə tutulurdu.

Əbrəqunus rayon internat məktəbi fəaliyyətə başlayandan 2 il sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 27 may tarixli qərarı ilə Azərbaycanın bir çox bölgələrində – Şuşa, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı və Naxçıvanda da yeni internat məktəblərinin açılması planlaşdırılır.

İnternat məktəbinin 15 avqusta kimi istifadəyə verilməsi, hər cür kabinə, laboratoriya, yataqxana ilə, həmçinin həkim və tibb işçiləri ilə təmin olunması nəzərdə tutulurdu. İnternat məktəbinin açılmasında o zaman Naxçıvan MSSR Maarif naziri işləmiş, 1990-ci ilin Yanvar hadisələrində ilk dəfə Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərarı imzalayan kişi qeyrətli qadın Səkinə Əliyevanın xüsusi xidmətləri olubdur. Naxçıvan MSSR Maarif Nazirliyinin 1961-ci il 13 iyun tarixli kollegiya iclasında (34 nömrəli əmrlə) İsa Məmmədov Naxçıvan şəhər İnternat məktəbinə direktor təyin olunur. İsa Məmmədov qısa bir zamanda muxtar respublikanın ən yaxşı müəllimlərindən ibarət pedaqoji kollektiv yaradır. İnternat məktəbi I-VII siniflərlə fəaliyyətə başlayır. 1972-ci ildən 2001-ci ilə qədər məktəbdə direktor vəzifəsində çalışan, məktəbin ilk müəllimlərindən biri olan Muxtar Kəngərli öz xatirələrində məktəbin təşkil edilməsi haqqında belə yazır: “İsa müəllim şəxsən tanıdığı müəllimləri toplamış və gözəl kollektiv yaratmışdı. Naxçıvanın qabaqcıl və təcrübəli müəllimləri bu məktəbə cəlb edilmişdi. Həmin dövrdə mən Naxçıvan rayonunun Təzəkənd məktəbində rus dili müəllimi işləyirdim. İsa müəllimin çağırışı ilə mən də bu gözəl kollektivin üzvü oldum”.

Muxtar Kəngərli ilə eyni vaxta məktəbin pedaqoji kollektivinə daxil olmuş İbrahim Qazıyev, Qönçə Tarverdiyeva, Lətifə Kələntərli, Şükür Sadıqov, Ələviyyə Musayeva və başqa müəllimlər təqaüdə çıxana qədər bu kollektivdə çalışıblar. Məktəbin ilk müəllimlərindən olan Abbas Mehdiyev və Firuz Rəhimov da Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı açılana qədər burada müəllim işləyiblər.

1963-cü ildə məktəbin VIII sinif şagirdlərinin ilk buraxılış imtahanları keçirilir. Bütün imtahanlardan əla qiymət aldığına və nümunəvi davranışına görə Kamal Qasımova, Cəbi İsmayılova, İsmayıl Seyidova, Yenisey Hacıyevə və Əli Həsənova təşəkkür elan edilir. V-VII siniflər üzrə imtahan və illik qiymətləri əla olan bir qrup şagird Gəncə-Yevlax-Mingəçevir, digər bir qrup isə İrəvan-Ağdam-Şuşa marşrutu ilə ekskursiyaya göndərilir. Məqsəd tədris ilini müvəffəqiyyətlə başa vurmuş şagirdlərin işini qiymətləndirmək, onların mənalı istirahətini təmin etmək, digər internatlarla təcrübə mübadiləsi yaratmaqdan ibarət idi.

Arxiv sənədlərindən aydın olur ki, 1963-1964-cü tədris ilində Naxçıvan şəhər internat məktəbində 360 şagird təhsil almışdır. Məktəbin müəllimləri Rostov vilayətinin qabaqcıl məktəblərinin təcrübəsindən bacarıqla istifadə edərək təhsilin keyfiyyətini xeyli yüksəldiblər. Məktəbdə tərbiyəçilər də müəllimlər qədər məsuliyyət daşıyırdı. Burada tərbiyəçi əsas sima sayılır, tərbiyə işi təlimlə yanaşı aparılırdı. Verilmiş biliklərin möhkəmləndirilməsi, şagirdlərin Vətənə məhəbbət ruhunda tərbiyəsi də tərbiyəçilərin fəaliyyəti daxilində idi. Tərbiyəçi şagirdlərə fənlər üzrə biliklərin öyrədilməsində, dərs keyfiyyətinin yüksəldilməsində müəllimin yaxın köməkçisi hesab olunurdu. Tərbiyəçi tez-tez müəllimin, müəllim isə tərbiyəçinin məşğələlərində iştirak edirdi. Məktəbin yuxarı sinif şagirdlərinin qüvvəsindən istifadə edilməklə Naxçıvan şəhər internat məktəbində dram dərnəyi, 60 şagirdi əhatə edən bədii özfəaliyyət, nəfəsli orkestr, bacarıqlı əllər və rəsm dərnəkləri də fəaliyyət göstərirdi. Lidya Truşun rəhbərlik etdiyi dərzi emalatxanasında şagirdlərin qüvvəsi ilə 400 yaxalıq, 37 oyma (don), 60 köynək tikilibdi.

1964-cü ildə məktəbin yardımçı sahəsindən 1290 manat gəlir əldə edilib, bu vəsait məktəbin ehtiyaclarına sərf olunubdur. Muxtar Kəngərli illər sonra bütün bunları xatırlayaraq “Müəllim sözü” qəzetində yazırdı: “O zaman internat məktəbinin şəhər ətrafında 3 hektar əkin sahəsi var idi. Burada şagirdlər pomidor, xiyar, qovun, qarpız yetişdirirdilər. Həmin tərəvəz məhsulları tamamilə özümüzü təmin edir, artıq qalan tərəvəzləri isə şəhərdəki uşaq bağçalarına təhvil verirdik”. İnternat məktəbində tədris həmişə yüksək səviyyədə olunubdur. Məhz bunun nəticəsidir ki, 1968-ci ilin məzunlarından Səfərov Səməd Lazım oğlu qızıl medala, Əliyev Tofiq Abbasəli oğlu və Dünyamalıyev Qoçəli İsa oğlu gümüş medala layiq görülmüşlər. Rəhbərlik başda olmaqla, müəllim və tərbiyəçilərin ciddi səyi nəticəsində internat məktəbində daim nizam-intizam hökm sürübdür. Məhz buna görə məktəbə şagird axını həmişə yüksək olubdur.

İnternat məktəbi həmişə Naxçıvan şəhərinin qabaqcıl məktəblərindən olub, Azərbaycan Respublikasında fəaliyyət göstərən internat məktəbləri arasında keçirilən baxış müsabiqələrində bir neçə dəfə birinci yeri tutubdur. Naxçıvan şəhər internat məktəbinin fəaliyyət göstərdiyi 40 il (1961-2001) ərzində min məzunu olmuş, məktəbi medal və ya fərqlənmə ilə bitirən məzunlar 10,6 faiz təşkil edibdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə keçmiş SSR-in müxtəlif ali məktəblərində Azərbaycandan olan məzunların qəbul planına əsasən, Naxçıvan şəhər internat məktəbinin məzunlarından 47 nəfər keçmiş ittifaqın müxtəlif şəhərlərində, o cümlədən Novoçerkassk, Moskva, Xarkov, Krasnodar, Leninqrad, Rastov və başqa şəhərlərdə uğurla ali təhsillərini başa vuraraq respublikamıza ali təhsilli kadrlar kimi qayıtmışlar. Məktəbin fəal məzunlarından Cəbi İsmayılov, Muxtar Paşayev, Qoçəli Dünyamalıyev, Əli Möhbalıyev muxtar respublikamızda tanınmış həkimlərdən olmuşdur.

Bütün bu uğurların qazanılmasında Mikayıl Sadıqov, Şəfiqə Əliyeva, Qonça Tarverdiyeva, İbrahim Qazıyev, Zeynəb Hacıyeva, Kəmalə Ağayeva, Lətifə Kələntərli, Şəmil Rəhimov, Firuz Rəhimov, Xürrəm Rəhimov, Yelmar Tarverdiyev, Sərvər Seyidov, Musa Axundov, Adilə Əliyeva kimi qabaqcıl müəllimlərin çox böyük rolu olubdur. Naxçıvan şəhər internat məktəbi 1998-ci ilə qədər Azərbaycanda fəaliyyət göstərən internat məktəbləri içərisində təlim və tədrisin keyfiyyətinə görə həmişə seçilmişdir. Bu tarixdən etibarən internat məktəbi ləğv olunmuş və onun bazası əsasında 8 nömrəli tam orta məktəb yaradılıbdır.

Əsası 1961-ci ildə qoyulan internat məktəbi bu gün Naxçıvan şəhər 8 nömrəli tam orta məktəb kimi fəaliyyətini uğurla davam etdirir. 2009-cu ildə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin binası əsaslı yenidənqurma işlərindən sonra müəllim və şagirdlərin istifadəsinə verilibdir. Hazırda bu məktəbdə 996 şagirdin təlim-tərbiyəsi ilə 108 müəllim məşğul olur. Məktəbin məzunları hər il yüksək nəticələr göstərərək respublikanın qabaqcıl universitetlərinə qəbul olunurlar.

Son beş ildə məktəbdə bir çox uğurlara imza atılıbdır. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Nurtəkin Hacıyeva Azərbaycan Respublikasının Əməkdar müəllimi, Məhəbbət Mehdiyeva isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi adı ilə təltif olunubdur. Bundan başqa, son iki ildə məktəbin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabahın alimləri” müsabiqəsində uğurla iştirak edib, iki nəfər bürünc medalla, 4 nəfər isə sertifikatla təltif olunubdur. Məktəbin şagirdləri respublika fənn olimpiadalarında da uğurlu nəticələr əldə ediblər. Son illərdə keçirilən olimpiadalarda məktəbin şagirdləri 3 qızıl, 2 gümüş, 1 bürünc medala layiq görülüblər.

Böyük ənənələri olan məktəbin şagirdləri bu gün həm buraxılış imtahanında, həm də qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Son beş ildə məktəbin 4 şagirdi yüksək nəticə göstərdiyinə və məktəbi əla qiymətlərlə bitirdiyinə görə “Qızıl nişan”la təltif olunmuş, 4 şagirdi isə Prezident təqaüdünə layiq görülmüşdür. Son beş ildə məktəbi bitirən məzunların 42-si 500-700 intervalında bal toplayıbdır.

2020-2021-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə iştirak edən məktəbin direktoru Günay Novruzovanın layihəsi “Fərdi kateqoriya” üzrə 741 layihə arasından ən yüksək bal toplayan layihələrdən biri olubdur. O, bu müsabiqədə “Bərabər imkanlar, yaradıcı inkişaf – inkişafa dəstək dərnəyinin yaradılması” onlayn inklüziv təlimlərin təşkili layihəsi ilə iştirak edibdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncam ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilibdir. İnanırıq ki, müsabiqədə uğur qazanan bu layihə ilə müvafiq dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasında Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin də özünəməxsus rolu olacaqdır.

Muxtar respublikamızda yeniyetmə və gənclərə göstərilən hərtərəfli dövlət qayğısından 8 nömrəli tam orta məktəbə də pay düşüb, 2017 və 2019-cu illərdə məktəb şagirdlərindən 2-nin adı Naxçıvan Muxtar Respublikasının “Qızıl kitabı”na yazılıb və onlar Ali Məclis Sədrinin xüsusi təqaüdünə layiq görülüblər. Özünəməxsus şərəfli yol keçən və hər zaman təlim-tərbiyəsi ilə seçilən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin kollektivinə bundan sonrakı fəaliyyətlərində də yeni-yeni uğurlar arzulayırıq.

Zülfiyyə İsmayılova

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı

“Nuh yurdu”qəzeti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg