Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusi kateqoriyadan olan uşaqlara həssaslıqla yanaşılan muxtar respublikada onların intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq 10 sentyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr - Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Təşkil olunan tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd etmişdir ki, muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzindədir. Vurğulanıb ki, dövlətimizin gənclərə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün muxtar respublikamızda aydın görünür. Uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün innovativ layihələr tətbiq olunur.
Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan onlan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, bu gün muxtar respublikada müşahidə olunan tərəqqi və inkişaf təhsil sahəsini də əhatə edir, bu istiqamətdə mütərəqqi üsullar və müasir tələblər səviyyəsində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin sistemli xarakter almasına, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəminin yaradılmasına, onların bilik və bacarıqlarından daha səmərəli istifadə olunmasına yeni imkanlar yaradır. Ötən dövr ərzində, Dövlət Proqramının icrası ilə bağlı bir sıra işlər görülüb, müvafiq kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Nazir çıxışının davamında mutar respublikada sağlamlıq imkanları məhdud uşaqlara yaradılan müasir təhsil mühitindən danışıb, yeni tədris mövsümündə məktəblilərə uğurlar arzulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək gələn yeni tədris ilinin başlanması münasibəti ilə tədbirdə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edib. Bildirib ki, Naxçıvan muxtar respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun rəhbərliyi altında uşaqlar dövlət qayğısı ilə əhatələnərək onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişlər. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirlməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur.
Sonra valideynlər adından çıxış edən Turanə Tağıyeva muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, bu qayğıdan səmərəli şəkildə yararlanacaqlarını, ölkəmizin gələcəyi olan uşaqlarımızı dövlətimizə layiq vətənpərvər və savadlı vətəndaş kimi yetişdirəcəklərinə səylə çalışacaqlarını bildirmişdir.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 93, sağlamlıq imkanları məhdud 287, aztəminatlı ailələrin övladlarından isə 115 olmaqla, ümumilikdə 495 məktəbli təhsil sovqatı ilə sevindiriliblər. Həmçinin, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirdə iştirak edə bilməyən sağlamlıq imkanları məhdud uşaqlara təhsil sovqatları evlərində təqdim edilmişdir.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün muxtar respublikanın rayonlarında da anoloji tədbirlər qeyd olunan aidiyyatı təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndələri tərəfindən həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti