Bu il tələbə adını qazanan yüzlərlə gənc yeni tədris ilində ali məktəb qapılarını açdı. Sirr deyil ki, muxtar respublikamızda təhsil sahəsində həyata keçirilən islahatlar, təhsilə göstərilən diqqət və qayğı orta məktəbi bitirən məzunların hər il ali məktəblərə qəbul imtahanlarında qazandıqları uğurlu nəticələrə yol açır. 2020-2021-ci tədris ilində muxtar respublika məktəblərini bitirən abituriyentlərin 261 nəfəri 500- 700 bal intervalında nəticə göstərdi. Yüksək nəticə göstərən məktəblər sırasında Heydər Əliyev adına tam orta məktəbin adı da var.
Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbin bu ilki nailiyyətləri ilə maraqlanmaq üçün gedərkən yol boyu təhsilimizin dünəni gözlərim önündə canlandı. Soyuq sinif otaqları, köhnə tədris avadanlıqları, dərslik almaq problemi...
İndi mənzərə tamamilə fərqlidir. Bu günün şagirdləri güclü maddi-texniki bazaya malik olan müasir məktəb binalarında təhsil alır, pulsuz dərsliklərlə təmin edilir. Hər il bilik günündə yeni tədris ocaqlarının istifadəyə verilməsi ənənə halını alıb. Əsas məqsəd gələcəyimizi savadlı, bilikli gənc kimi yetişdirməkdir.
Gözəl memarlıq quruluşu, əzəmətli görkəmi ilə yenə şagirdlərin səs-küyünə qərq olan, müasir standartlara cavab verən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagirdləri də bu ilki uğurlarının və yeni dərs ilinin sevincini yaşayırlar.
Təməli təhsilimizin böyük himayədarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan, təhsildəki nailiyyətləri yaşından böyük olan bu məktəb həm də Ulu öndərin adına layiq bir abidədir. 2004-cü ilin sentyabr ayında məktəbi təhsil ictimaiyyətinin ixtiyarına verən prezident İlham Əliyevin 17 il əvvəl bu məktəbin həyətində söylədiyi fikirlər isə bu gün də yaddaşlarda yaşamaqdadır.
“Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır. Həm də burada yüksək səviyyədə təhsil almaq üçün hər bir şərait var. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu məktəb Azərbaycanda ən yaxşı məktəblərdən biri olsun.”
Bəli, zamanla ölkəmizin ən yaxşı məktəbləri sırasında qərarlaşan bu məktəb neçə-neçə həkim, müəllim, mühəndis, hərbçi və başqa sahələrdə çalışan kadrların ilk tədris beşiyi oldu. Neçə-neçə məzunları “Qızıl”, “Gümüş” medallarla təhsilini başa vurdu. Şagirdlərinin adı Naxçıvan Muxtar Respublikası Gənc istedadlarının “Qızıl kitabına” yazıldı. Müəllimlərin də əməyi unudulmadı. Fəxri adlara, medallara layiq görüldülər. Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 2014-cü il 21 avqust tarixdə imzaladığı sərəncamla 10 illiyi keçirilən bu bilik ocağının daşıdığı missiya böyükdür. Burada təhsil alan gənc nəsil Ulu öndərin adına, onun siyasi ideyalarına layiq bir şəkildə təlim-tərbiyə alır. Məktəbə yeni qədəm basan hər bir şagird əvvəlkilərdən sözün yaxşı mənasında bir estafet götürür. Ötən bu illərin, eləcə də 2020-2021-ci tədris ilinin uğurlu naticələri də bunu sübut edir.
Belə ki, bu il məktəbin 76 məzunundan 58 nəfəri tələbə adını qazanıb. Onlardan 13-ü 500-700 intervalında bal toplayıb. Bu il məktəb üzrə ən yüksək göstəricini isə Nurxan Mirzəyev qazanaraq 631 balla Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisasına daxil olub.
Nurxan Mirzəyev: “Hələ aşağı siniflərdə oxuduğum illərdə çalışırdım ki, bütün fənləri eyni səviyyədə öyrənim. Bu öyrənmək həvəsi də buraxılış və qəbul imtahanlarında yüksək nəticə qazanmağıma səbəb oldu. Əldə ətdiyim uğur tək mənim yox, valideynlərimin dəstəyi, müəllimlərimin əməyi və məktəbimizdə mövcud olan şərait sayəsində mümkün oldu. Hədəfimə çatmaq üçün sistemli və keyfiyyətlə çalışdım. Gələcəkdə fəaliyyətimi hansı sahədə davam etdirməyimdən asılı olmayaraq çalışacağam ki, bütün elmlərə dərindən yiyələnim.”
Nurxan məktəbdaxili və məktəbdənkənar yarışlarda, muxtar respublika və ölkə üzrə keçirilən olimpiadalarda da iştirak edib. Respublika fənn olimpiadasının builki mərhələsində isə tarix fənni üzrə ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Ümumi təhsili nailiyyətlərlə başa vurduğuna görə Zülfüqarlı Asim məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 614 bal toplayaraq ADA Universitetinin tələbəsi adını qazanan Asim gələcəyin hüquqşünası olmaq üçün ilk addımlarını atıb.
616 ballıq nəticə göstərən Ümid Hacıyev də bu ixtisas üzrə təhsil alacaq. Kiçik yaşlarından hüquqşünas olmaq arzusunda olan Ümid artıq NDU-nun “Sosial idarəetmə və Hüquq” fakültəsinin tələbəsidir.
“Hələ uşaq olanda istəyirdim ki, mən də bu məktəbdə təhsil alım. Məktəb yaşına çatanda valideynlərim məni bura gətirdi. Arzuladığım ideal bir məktəbdə 11 il oxudum, çalışdım və istəyimə çatdım”,- deyən Zəhraxanım Heydərova 573 balla ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” fakültəsinə daxil olub.
“Topladığın bal önəmli deyil. Əsas odur ki, seçimin düzgün olsun. ADA Universitetinin tələbəsi adını qazanmaq hər abituriyentə nəsib olmur. Buna görə özümü şanslı tələbələrdən sayıram. Şərait və təhsil baxımından ADA Universiteti heç də dünyanın nüfuzlu universitetlərindən geri qalmır. Bakalavr təhsilimi yüksək səviyyədə tamamlayıb gələcəyin diplomatı olmaq istəyirəm”.
Buraxılış və qəbul imtahanlarında 500 bal toplayan Nərmin Abbasova Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dövlət sifarişi ilə təhsil alacaq. Bu uğuru üçün o da gecəsini gündüzünə qataraq çalışıb. Zəhməti isə bəhrəsiz qalmayıb. İndi tələbə adının sevincini yaşayır.
Məktəbin builki məzunlarından tibb sahəsini seçənlər də var. Qoçəlisoy Tərlanın simasında gələcəyin əsl həkimini görmək mümkündür. 571 ballıq nəticə ilə 11 illik əziyyətinin bəhrəsini dadıb. Seçimi isə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomotologiya ixtisası olub.
Qoçəlisoy Tərlan: “Ən böyük arzum həkim olmaq idi. Məktəbimizdə yaradılan təhsil şəraitindən lazımınca bəhrələndim. Bəzən yarım saat yatdığım günlər oldu. Yuxusuz gecələrim və sistemli çalışmağım məni bu arzuma çatdırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin bu il yüksək bal toplayan məzunlarla keçirdiyi görüşdə iştirak etməyim isə həyatımın unudulmaz günlərindən biri oldu. Buradakı təhsilimi bitirdikdən sonra xaricdə rezidentura təhsili almaq istəyirəm.”
“Yüksək bal toplamağımızın əsas səbəbi məktəbdə müəllimlər tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməyimiz, məktəbin daxilindəki nizam-intizam qaydalarına əməl etməyimiz, daim öz üzərində çalışmağımız və biliklərimizi təkminləşdirməyimizdir”,-deyən Fidan İsmayılovanın seçimi Naxçıvan Dövlət Universiteti olub. Buraxılış və qəbul imtahanlarında 529 bal toplayan Fidan “Beynəlxalq münasibətlər və xarici dillər” fakültəsinin “İngilis dili” ixstisası üzrə birinci kurs tələbəsidir.
Hər bir məktəbin fəaliyyətini dəyərləndirən əsas sima həm də onun məzunlarıdır. Bu gün təhsilə göstərilən qayğı və diqqəti görən şagirdlər üzərlərinə düşən məsuliyyəti dərindən dərk edərək 11 il oxuduqları məktəbə, müəllimlərinə, valideynlərinə və özlərinə üz ağlığı gətirirlər.
Onlar Heydər Əliyev adına tam orta məktəbin bu il müxtəlif ali məktəblərə qəbul olan 58 məzunundan sadəcə bir neçəsidir. Sevincləri gözlərindən, üzlərindən oxunur. Göstərdikləri əzm və zəhmətlə arzularına, muradlarına çatan, sabahımız üçün hərəsi bir işıq, ziya olan bu inamlı gənclərin oxuyacaqları ali məktəblərdə də nümunəvi tələbə olacaqları şübhəsizdir.
Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbinin builki tədris ilində qazandığı uğurlar isə son deyil. Yeni dərs ilində müəllim və şagird kollektivi daha böyük uğurlar üçün çalışacaq. Gələcək uğurların davamını isə ötən gün məktəbin birinci sinifinə ilk qədəmlərini atan fidanlar gətirəcək.
Türkanə Əmoyeva
“NUHÇIXAN”