Təhsilə göstərilən dövlət qayğısı sayəsində muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırmış, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırmışdır.
Yaradılan şəraitdən bəhrələnərək xüsusi istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi məqsədi ilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilir. Eyni zamanda beynəlxalq və respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi təfəkküründən daha çox asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi təfəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə kiçik yaşlardan inkişaf etdirilməlidir.Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu vərdişlərin formalaşmasına xidmət edir.
Bütün bunları nəzərə alaraq 16 oktyabrda Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında “Lütfi Zadə adına MəktəblilərarasıMəntiq Olimpiadası”na hazırlıq məqsədilə seçim turu keçirilmişdir.
Əsas vəzifəsi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsi qazandırmaq, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək və elmə olan marağın artırılması olan Məntiq Olimpiadasına hazırlıq məqsədilə keçirilən seçim turunda muxtar respublikanın ümumtəhsil məktəblərinin V siniflərində təhsil alan 500 şagird iştirak etmişdir.
Seçim turu hər bir şəhər və rayonda əvvəlcədən müəyyən olunmuş mərkəzlərdə keçirilmişdir. İştirakçılara 30 sualdan ibarət test toplusu təqdim edilmiş və sualların cavablandırılması üçün 90 dəqiqə saat vaxt ayrılmışdır. İmtahanlar bütün mərkəzlərdə saat 1000-da başlanmışdır.
Seçim turunun nəticələrinə görə turu keçmiş şagirdlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçiriləcək “Lütfi Zadə adına MəktəblilərarasıMəntiq Olimpiadası”nın ilkin mərhələsində iştirak hüququ əldə edəcəklər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti