Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Zəfərin mübarək, Azərbaycan!” devizi altında müxtəlif fəaliyyət istiqamətləri üzrə keçiriləcək müsabiqələrə dair “Tədbirlər Planı”na uyğun olaraq Yurdçu kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol idman klubları arasında “Şanlı zəfər tariximiz” devizi altında voleybol üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış qələbənin təbliği və zəfər tarixinin gənc nəslə öyrədilməsi, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, voleybol idman növünün daha da inkişaf etdirilməsi, gənc nəslin idmana olan marağının artırılması və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olub.
Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev bildirib ki, bu parlaq qələbə təkcə Azərbaycan yox, bütövlükdə dünya tarixi üçün böyük əhəmiyyətə malik oldu . Vurğulayıb ki, 44 günlük müharibə və düşmən üzərində tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi.
Daha sonra voleybol yarışına start verilib.
Keçirilən birincilikdə 8 komanda qalib olmaq uğrunda mübarizə aparıb. Gərgin və maraqlı keçən oyunda Çalxanqala kənd tam orta məktəbinin komandası I, Şahtaxtı kənd tam orta məktəbinin komandası II, Qıvraq qəsəbə tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, voleybol yarışı iki mərhələdə təşkil olunub. Yarışın 19 oktyabr 2021-ci il tarixdə keçirilən məktəb mərhələsində qalib olan komandalar rayon mərhələsində iştirak etmək hüququ qazanıb.