Muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində mühüm tədbirlər həyata keçirilir. Şagirdlərdə özünə inam hissini formalaşdırmaq, ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında fənn olimpiadaları keçirilir. Bu olimpiadalardan biri də muxtar respublika fənn olimpiadasıdır.
23 oktyabr 2021-ci il tarixdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I-şəhər və rayon mərhələsi keçirilmişdir. 500-dən artıq şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25 sual təqdim olunmuşdur. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə maksimum üç saat vaxt verilmişdir.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə göstərən şagirdlər muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaqdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti