Naxçıvan Şəhər Peşə Liseyində Naxçıvan Muxtar Respublikası Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə payız-qış mövsümünə hazırlıq və görülən işlərlə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müssisələrinin ocaqçıları və Naxçıvan Şəhər Peşə Liseyinin “Qazanxana maşinisti” peşə kurslarında tədris aparan müəllimlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri eyni zamanda müasir istilik sistemi ilə də təchiz olunur. İstilik sistemi quraşdırılmış bütün təhsil müəssisələrində payız-qış mövsümündə tədris prosesi və təlim-tərbiyə işi fasiləsiz olaraq həyata keçirilmiş, məktəblərdə istilik sistemlərindən və elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi təmin edilmişdir.
Vüsal Abdullayev Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasına dair Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırmış, tədris ili ərzində istilik sistemlərində yaranan nöqsanların vaxtında aradan qaldırılması üçün səylə çalışdıqlarını, ay ərzində Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyətinin yoxlanılması ilə bağlı reydlərin keçirildiyini vurğulamışdır.
Həmçinin qeyd olunmuşdur ki, təhsil müəssisələrində istilik sistemləri üçün təyin olunmuş məsul şəxslərin işinin səmərəli təşkili məqsədi ilə onların tərkibi də araşdırılmış, onların peşə kurslarında iştirak edərək sertifikat almaları sahəsində iş gücləndirilmişdir. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən peşə təhsili müəssisələrində digər kurslarla yanaşı, “Qazanxana maşinisti” peşə kurslarının tədrisi ilə bağlı dərs vəsaitlərinin hazırlanması da diqqətdə saxlanılmışdır.
Fövqəladə Hallar Nazirliyinin daxili xidmət mayoru Turan Şahhüseynov “Yanğın təhlükəsizliyinə qarşı ilkin tədbirlərin görülməsi” mövzusunda çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb, sonra Naxçıvan Şəhər Peşə Liseyinin saathesabı müəllimləri Elnur Heydərov və Firəddin Salahov “Qazanxanada nəyə diqqət edilməlidir” mövzusunda slayd üzərində maarifləndirici söhbətlər aparıblar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti