Noyabrın 2-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan “Bədii dəri işləmə sənəti” dərnəyinin təqdimatı olub.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd etmişdir ki, muxtar respublikada ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrinin də fəaliyyəti üçün nümunəvi tədris şəraiti qurulur, müxtəlif innovativ dərnəklər yaradılır.
Təhsil naziri bildirmişdir ki, Ali Məclis Sədrinin tapşırığı əsasında 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində 60-dan çox innovativ dərnək yaradılmışdır. Nazir qeyd etmişdir ki, innovativ dərnəklər muxtar respublikanın şəhər və rayonlarında məktəbdənkənar təhsil müəssisələrini əhatə etmiş, fəaliyyəti gücləndirmişdir. Bütün bunlar isə şagirdlərin müasir texnologiyaların mənimsənilməsinə, yeni bilik və bacarıqlara yiyələnməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, xalq yaradıcılıq sahələrinin və yeni sənət növlərinin öyrənilməsinə geniş imkanlar açmışdır. Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan innovativ dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin etməklə bərabər, onlara gələcəkdə peşə seçimində düzgün qərar verməyə kömək edir.
Rəhman Məmmədov qeyd etmişdir ki, görülən işlərin davamı olaraq 2021-2022-ci tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni “Bədii dəri işləmə sənəti” dərnəyi də yaradılaraq şagirdlərin istifadəsinə verilmişdir.
Bildirilmişdir ki, “Bədii dəri işləmə sənəti” xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən el sənətidir. “Bədii dəri işləmə sənəti” qədim tarixə malik olan sənətkarlıq sahələrindən biri hesab olunur. Dərnəyin yaradılmasında məqsəd milli dəyərlərimiz olan “Bədii dəri işləmə sənəti”ni şagirdlərə öyrətmək, maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsinə töhvə verməkdir.
Təhsil naziri “Bədii dəri işləmə sənəti” dərnək üzvlərinin dəri üzərində yandırma və oyma işləri ilə yaxından tanış olmuş, fəliyyətinin düzgün qurulması və dərnəyə digər şagirdlərin də cəlb edilməsi, bununla bağlı tədris ilinin sonunda sərginin keçirilməsi tapşırığını vermiş, uğurlar arzulamışdır.
Qeyd edək ki, yeni yaradılan “Bədii dəri işləmə sənəti” dərnəyi 20 ədəd A4 ölçülərində xüsusi dəri, 5 ədəd müxtəlif formalı alətlər dəsti, 2 ədəd bıçaq dəsti, 1 ədəd çox alətli dəri tikmə dəsti, 10 ədəd oyma bıçağı, 3 ədəd boya dəsti, 5 ədəd ölçü lövhəsi, 5 ədəd taxta saplı toxmaq, 2 ədəd yandırma aparatı ilə təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti