Noyabrın 6-da “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev çıxış edərək bildirmişdir ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Otuz il işğal altında olan torpaqlarımızın azad edilməsində, tarixi ədalətin bərpa olunmasında mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərin şücaətindən danışan Murad Babayev ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını və daim böyük ehtiramla anılacağını bildirib. Sonra Murad Babayev tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik etmiş və müsabiqənin şərtlərini onların diqqətinə çatdırmışdır. Rəsm müsabiqəsində muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin 20 dərnək üzvü iştirak edib. Müsabiqəyə 2 saat vaxt ayrılıb. Bu vaxt ərzində şagirdlər təsviri-sənət janrına müraciət etməklə müsabiqənin mövzusuna uyğun rəsmlər çəkiblər. Mövzu üzrə rəsmlər A3 ölçüdə kağız üzərində sərbəst texnika ilə (karandaş, flamaster, diyircəkli və rəngli qələm, pastel, quaş, sulu boya və s.) işlənib. Seçim zamanı mövzunu əhatə edən rəsmlər nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ən yaxşı işıq və kölgə həlli əsas götürülüb. Yarışın nəticəsinə görə l yerə 1, II yerə 2, III yerə 3 və həvəsləndirici yerə 3 şagird layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti