Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdir. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Muxtar respublikada imtahan 8 mərkəzdə: Naxçıvan şəhərində 11 nömrəli, Şərur rayonunda 2 nömrəli, Babək rayonunda 2 nömrəli, Ordubad rayonunda 1 nömrəli, Culfa rayonunda 2 nömrəli, Kəngərli rayonunda Qıvraq qəsəbə, Şahbuz rayonunda 1 nömrəli, Sədərək rayonunda 1 nömrəli tam orta məktəbdə təşkil olundu. Müsabiqə üçün Naxçıvan şəhərində 910, Şərur rayonunda 404, Babək rayonunda 250, Ordubad rayonunda 238, Culfa rayonunda 342, Kəngərli rayonunda 92, Şahbuz rayonunda 32, Sədərək rayonunda 34, ümumilikdə 2302 şagird öz biliklərini yoxladı.
Müsabiqə 90 dəqiqə davam etmişdir. Müsabiqədə şagirdlərə çətinlik dərəcəsinə müvafiq olaraq 3 ballıq, 4 ballıq və 5 ballıq suallar təqdim olunmuşdur. 2-ci, 3-cü və 4-cü siniflərdə maksimal bal: 96 (8 ədəd 3 ballıq sual, 8 ədəd 4 ballıq sual, 8 ədəd 5 ballıq sual), 5-10-cu siniflərdə isə maksimal bal: 120 (10 ədəd 3 ballıq sual, 10 ədəd 4 ballıq sual, 10 ədəd 5 ballıq sual)-dir. Nəticələr 10 gün müddətinə elan olunacaqdır.
Müsabiqədə iştirak etmiş şagirdlər Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində onlayn qaydada qeydiyyatdan keçərək ödəniş etmiş və buraxılış vərəqini əldə etmişlər.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti